Azərbaycan futboluKonfrans Liqası

“Neftçi”dən xəbərdarlıq: Bu azarkeşlər stadiona buraxılmayacaq

“Neftçi” UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində 10 avqust saat 21:00-da “Neftçi Arena”da Türkiyənin “Beşiktaş” klubu ilə qarşılaşacaq.

Aut.az xəbər verir ki, Bakı klubu bu matça gələcək azarkeşlərin təhlükəsizliyinin yüksək şəkildə təmin olunması və oyun zamanı azarkeşlər arasında yarana biləcək mümkün arzuolunmaz halların qarşısını almaq məqsədilə müvafiq preventiv tədbirlərin görülməsi planlaşdırır.

“Neftçi Arena”da keçiriləcək görüşdə İstanbul klubunun azarkeşləri üçün xüsusi sektor ayrılacaq. “Beşiktaş” azarkeşləri bu sektora bilet əldə etmək üçün İstanbul klubuna müraciət etməlidirlər.

Yerli azarkeşlər üçün nəzərdə tutulacaq digər sektorlarda isə təhlükəsizlik məqsədi ilə İstanbul klubunun forması və ya digər atributunu daşıyan azarkeşlərin, o cümlədən “Neftçi”yə aid olmayan, digər komandalara məxsus atributları daşıyan azarkeşlərin oyunu izləməsi məhdudlaşdırılacaq. Belə hallara rast gəlindikdə həmin azarkeşlər dərhal təhlükəsizlik əməkdaşları tərəfindən stadiondan çıxarılacaq.

Qeyd edək ki, oyunun biletləri bu gün satışa çıxarılacaq.