Azərbaycan futbolu

Şuaybu “Kəpəz”dən niyə ayrılmayıb?

“Kəpəz”in futbolçusu Abdullahi Şuaybu “Neftçi” ilə derbidən sonra Aut.az saytına müsahibə verib.

Nigeriyalı futbolçu əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:
– Bilirəm ki, “Neftçi” ilə oyunların Gəncə klubu üçün xüsusi əhəmiyyəti var, bu komandaların dueli gərgin və çətin keçir. Qələbə qazandığımız üçün məmnunuq. Bu, hələ başlanğıcdır. Oyuna yaxşı köklənmişdik. Azarkeşlərimizə təşəkkür edirəm. Həmçinin, bu oyunda bizimlə birlikdə olan hər kəs öz minnətdarlığımı bildirirəm.
– Oyunda 3-4 qol imkanlarınız oldu ki, bunlardan istifadə edə bilmədiniz.
– Bəli, amma bu, hələ ilk matçdır. Biz oyuna fokuslanmağa çalışırıq. Mənim də şanslarım var idi. Gənc oyunçuyam, belə epizodları daha çox yaratmağa və qollar vurmağa çalışacam.
– Premyer Liqada hədəfləriniz nədir?
– Performansımızı, göstərdiyimiz oyunu bu tərzdə saxlamaq, oyuna 100 faiz köklənmək, bir hücumçu kimi tam olaraq komandama kömək etmək əsas məqsədimdir.
– Səncə, “Kəpəz” uğurlu tempi davam etdirə biləcək?
– Buna inanıram, məşqlərdə çox çalışırıq. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticələr qazanaq. Komandamızın buna potensialı var. Sadəcə bir qədər zaman lazımdır.
– Sənin “Kəpəz”dən gedəcəyin an məsələsi idi, hətta konkret məbləğ təklif edən klub da olmuşdu…
– Əvvəllər də demişəm, hər şey Allahın əlindədir. Buna tək mən özüm qərar vermirəm. Hazırda “Kəpəz”də çıxış etdiyimə görə şadam. Təkliflərim var idi. Ancaq burada oynamağa üstünlük verirəm. Əgər buranı tərk etmək qərarını versəm, siz də xəbər tutacaqsınız.