“Kəpəz”in İcraçı direktoru İlqar Nadiri “Neftçi” ilə derbidən sonra Aut.az saytına müsahibə verib.
Klub rəhbəri əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:
Tarixi derbi idi. İki köklü komandanın mübarizəsi idi. Rəqibin hansı büdcədə, hansı formada olmasından asılı olmayaraq bu oyuna Gəncədə həmişə maraq var. Bilirdik ki, komanda bu oyunda döyüşəcək, mübarizə aparacaq. İlk oyundur, bəzən gözlənilməz nəticələr oldu. Amma bizim komanda meydanda sona qədər mübarizə apardı, nəticəni əldə etdi. Növbəti matçlarda bu kimi oyunlar gözləyirik.
Nəticə sizin üçün gözlənilməz olmadı ki?
– Gizlətmək lazım deyil, nəticə bir az gözlənilməz idi. Amma biz istənilən rəqiblə sona kimi mübarizə aparmağa hazırıq. Xüsusilə də, Gəncədə. Ötən mövsüm Gəncədə cəmi iki rəqibə uduzmuşuq. “Neftçi” və “Sumqayıt”a. Digər komandalara uduzmadıq. İstənilən komanda üçün Gəncədə oynamaq çətindir. Biz də onu hiss edirik və istəyirik ki, ev oyunlarımızı Gəncədə keçirək.
– “Kəpəz”in tezliklə sponsoruna qovuşacağı gözlənilir. Hətta İqtisadiyyat Nazirliyinin rəsmisinin adı çəkilir ki, Müşahidə Şurasının sədri olacaq…
– Biz də istəyirik ki, bu proseslər olsun, sponsor gəlsin, rəhbərlikdə müəyyən iş adamları təmsil edilsin, komandaya dəstək gəlsin. Həqiqətən də, acınacaqlı vəziyyətdir. İkinci böyük şəhərin bu cür komandasının sponsoru, maliyyə dəstəyi yoxdur.
– “Kəpəz”in ikinci yarıda üç real qol imkanı olsa da, istifadə edə bilmədi. Bu, sizi narahat etmir?
– Əsas həmin qol imkanlarını yaratmaqdır. Sevindirici hal odur ki, irəli atılırlar, komanda imkanlar yarada bilir. Futboldur da, alınmaya bilər. İnanırıq ki, növbəti matçlarda həmin epizodlar qolla nəticələnər.
– Akademiya ilə vəziyyət nə yerdədir?
– Bu yaxınlarda akademiyaya rəhbər təyin olundu. Məndə olan məlumata görə, tenderdə qalib olan şirkət mebel və digər təchizat işləri ilə bağlı ödənişlər edilib. İnanırıq ki, bu və ya gələn ayın sonuna qədər açılacaq.
-Tarixi derbidəki qələbə sponsorun da iştahasını artıra bilər.
– Ola bilər. Təki, olsun. Qələbələr qazanaq ki, “Kəpəz”ə gəlmək istəyən iş adamlarının maraqları daha da artsın.
-Rəhbər olaraq komandanın qarşısına konkret hansı məqsədi qoymusuz?
– Məqsəd odur ki, komanda formalaşsın, döyüşsün və Premyer Liqadakı yerini qorusun.
– 2025-ci il III MDB oyunları Gəncədə keçiriləcək. Bu, “Kəpəz”in stadion həllinə kömək ola bilər?
– Mən də onu bu gün mətbuatdan oxudum. Hansı formada və harada keçirilməsi ilə bağlı dəqiq məlumatım yoxdur. İnanıram ki, stadionda keçirilər və Gəncədə də gözəl arena tikilər.
Aut.az