“Bir səhv hər şeyi dəyişə bilər” – Murad Musayev
Konfrans Liqasının II təsnifat mərhələsində sabah keçiriləcək “Sabah” – RFŞ (Latviya) oyunundan əvvəl meydan sahibi komandanın baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırıb.
Aut.az xəbər verir ki, rusiyalı mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib..
– Sabah klubumuzun tarixi üçün çox önəmli gündür. Evdə ilk avrokubok oyunumuzdur. Bura gəlmək üçün çox məsafə qət etmişik. Bizi çox çətin oyun gözləyir, güclü rəqibə qarşı oynayacağıq. Futbolçularımız yaxşı hazırlaşıblar. Sabah güclü olan qalib gəlsin.
– RFŞ son çempionat matçında 7 qol vurub. Bu, sizi qorxutmur?
– RFS çox güclü rəqibdir. Ötən mövsüm avrokubokların qruplarında oynayıblar, əvvəl də ölkə çempionu olublar. Mənə görə onlar Latviyanın ən güclü komandasıdır.
– Sabah növbəti mərhələdəki potensial rəqibiniz olan “Partizan”dan nəyisə gizlədəcəksiz, yoxsa tam gücünüzlə oynayacaqsız?
– Zarafat edirsiniz? Hələ mərhələ adlamamışıq, şanslar bərabərdir.
– İlk oyundakı qələbə futbolçularda arxayınlıq yaratmayacaq?
– Məşqçi kimi əsas məqsədimiz etdiyimiz səhvlərdən nəticə çıxarmaq və futbolçuları oyuna düzgün şəkildə kökləməkdir. 2:0 hesabı hələ heç nə demək deyil. Bir səhv hər şeyi dəyişə bilər. Sakit olmalıyıq.
– İlk matçda rəqib daha çox hücum edirdi. Artıq RFŞ-nin itirəcəyi heç nə yoxdur. Onların açıq futbol oynayacağı sizi qorxutmur?
– Səfərdəki matçda rəqib bütün təhlükələri standart vəziyyətlərdən yaratdı. Hündürboy futbolçulara sahibdirlər. Sabah necə oynayacaqlarını bilmirəm. Açıq futbol oynayacaqlarsa, buyursunlar. Mən açıq futbolu sevirəm.
– Coy Lens-Mikels və Emmanuel Apehin hazırlıq durumu necədir?
– Mikelsin təlim-məşq toplanışında kiçik zədəsi var idi. Ona görə də son hazırlıq matçını buraxmalı oldu. Riqada da 45 dəqiqə oynadı. Amma bərpa olunmaq üçün bir həftə vaxtı oldu. Apehdə isə heç bir problem yoxdur.
– Bu mövsüm üçün hədəfləriniz nədir?
– Hazırda bütün diqqətimiz RFŞ-dədir. “Partizan” haqda hələ düşünmürük. Məqsədimiz rəqibin qarşısını almaqdır. Rəhbərliklə gələcək haqda heç nə danışmamışıq. Azarkeşlər həmişə bizə dəstək olublar. Riqada da bizi dəstəklədilər. İnanıram ki, sabah onlar bizim 12-ci oyunçumuz olacaqlar.
– Bir mütəxəssis olaraq “Qarabağ” – “Rakuv” matçından gözləntiniz nədir?
– “Qarabağ” ilk matçda çox yaxşı oynadı. Sadəcə olaraq kiçik səhvlər onlara baha başa gəldi. “Qarabağ” təcrübəli komandadır. Bu gün bizi maraqlı və gərgin oyun gözləyir.
