“Qumarbaz deyiləm” – “Rakuv”un baş məşqçisi
“Rakuv”un baş məşqçisi David Şvarqa Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”a qalib gəldikləri oyundan sonra fikirlərini bildirib.
Aut.az xəbər verir ki, mütəxəssis 3:2 hesabıyla qələbə qazandıqları matçla bağlı bunları deyib:
“İki yaxşı komandanın oynadığı oyun idi. Elə vəziyyət yaranmışdı ki, bunun öhdəsindən gəlməli idik. “Qarabağ” 70 və 80-ci dəqiqələr arasında sürətli hücumlar etdi və buna reaksiya verməli idik. “Qarabağ” daha çox imkana sahib idi. Həm cinahlardan, həm də mərkəzdən yaxşı hücumlar qurdular.
Qumarbaz deyiləm, heç vaxt hər şeyi ortaya qoymuram. Sonni Kittelin meydana çıxması planda var idi. Nəticə bizi qane etmirdi və Sonnini mübarizəyə qoşdum. O, debüt matçında yüksək keyfiyyət sərgilədi. Sonni meydana çıxanda onun şans yaradacağına inanırdıq. Burdan görürük ki, əsas oyuna kimin başlaması deyil, kimin bitirməsidir”.
“Qarabağ” ilə “Rakuv” arasındakı cavab görüşü avqustun 2-də Bakıda olacaq.
