Dəmirəl İtaliya nəhənginin hədəfində
Türkiyə millisinin və “Atalanta”nın müdafiəçisi Merih Dəmirəl tezliklə “İnter”in futbolçusu ola bilər.
Aut.az xəbər verir ki, türk müdafiəçi “Atalanta”nın növbəti mövsüm üçün planlarında yer almayıb. 25 yaşlı müdafiəçi cari transfer pəncərəsində komandanı dəyişə bilər.
Futbolçunun özünü top-klubda sınamaq istədiyi bildirilir. “İnter” hələ də ona maraq göstərir, lakin hazırda “neradzurri” rəhbərliyi digər, daha vacib transfer işləri ilə məşğuldur.
2022/2023 mövsümündə Dəmirəl “Atalanta”nın heyətində bütün turnirlərdə 30 oyun keçirib, 1 qol vurub.
Onun müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. “Transfermarkt” internet portalına görə futbolçunun təxmini dəyəri 20 milyon avrodur.
