Musa Qurbanlı yeni klubu “Yurqorden”ə keçidi haqqında danışıb.
Aut.az xəbər verir ki, o, İsveç təmsilçisinin saytına açıqlamasında əvvəlcə ilk təsüratlarını bölüşüb:
“Mən məşqçilərlə, komanda ilə görüşdüm, həmçinin “Tele2 Arena”da oldum. Keçən bazar günü matça baxdım. Əvvəllər “Yurqorden” haqqında bir az bilirdim, amma buraya gələndən sonra müsbət təəssüratlarım daha da gücləndi”.
Qurbanlı Stokholm təmsilçisinə keçməzdən əvvəl başqa klublardan da təkliflər aldığını deyib:
“Sirr deyil ki, bir çox başqa klublardan da maraq var idi. Amma “Yurqorden”i seçməyimin səbəbi odur ki, özümə qarşı dərhal ciddi münasibət və böyük maraq hiss etdim. Məşqçilər, Bosse və klubun görüşdüyüm bütün nümayəndələri açıq və dürüst idilər ki, məni burada – “Yurqorden”də görmək istəyirlər. Digər klubların heç biri “Yurqorden”in göstərdiyi inamlı əzmkarlığa çatmadı. Sonda bu, mənim üçün vacib amilə çevrildi”.
21 yaşlı hücumçu oyun tərzindən də danışib:
“Mən tipik “9 nömrə”yəm, hər zaman qol vurmaq üçün fürsət axtaran hücumçuyam. Qol vurmaq mənim həvəsimdir. Uşaq vaxtı mümkün qədər çox qol vurmaq istəyirdim. Ona görə də həmişə irəlidə düşünməyə çalışıram və variantları axtararaq cərimə meydançasına qaçıram. Eşitdim ki, “Yurqorden” mən tipli oyunçu axtarır. Zehni aspekt mənim güclü tərəflərimdən biridir, ona görə də bu rolu üzərimə götürməyə hazıram və “Yurqorden” üçün qollar vurmağa başlamağı səbirsizliklə gözləyirəm.
Aydındır ki, mənə təzyiqlər var. Ancaq bu, məni qətiyyən narahat etmir. Təzyiq futbolun bir hissəsidir və onsuz inkişaf etmək olmaz. Mənim işim qol vurmaqdır və komandaya töhfə vermək üçün hər zaman çox çalışıram. Yeni titullar qazanmaq üçün əlimdən gələni edəcəyəm”.
O, Konfrans Liqasında çıxış edəcək komandanın Avropada startına da toxunub:
“Ötən il “Yurqorden” haqqında eşitmişdim, çünki “Qarabağ”la eyni vaxtda Konfrans Liqasının pley-off mərhələsində oynayırdı. Həqiqətən də bir-birimizlə qarşılaşa bilərdik, amma bu baş vermədi. “Yurqorden”in mənimlə maraqlandığını eşidəndə bir az araşdırma apardım və gördüm ki, komanda ötən il yaxşı çıxış edib”.
Musa yeni komanda yoldaşları haqqında məlumat toplamağa çalışdığını da deyib:
“Matçlardan bəzi videoicmallara və maraqlı məqamlara baxdım. Ötən bazar günü “Tele2 Arena”da keçirilən qarşılaşmaya da baxdım. Buna görə də mən artıq çox oyunçunu uzaqdan tanıyıram. Onlarla yaxından tanış olmağı və komanda ilə məşqlərə başlamağı səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, “Yurqorden” “Qarabağ”dan transfer etdiyi Musa ilə ötən gün 3 illik müqavilə imzalayıb.