DigərManşet

Fransanın “olimpiada nağılı”: Evsizləri şəhərdən çıxarır, tələbələri küçəyə tökürlər

Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının başlamasına təqribən 1 il vaxt qalıb. 2024-cü ilin iyulun 26-da başlayacaq və avqustun 11-dək davam edəcək olimpiadaya hazırlıqla bağlı ciddi çətinliklər var. Yarıtmaz fəaliyyəti ilə ad çıxaran yerli təşkilatçılar çox sayda problemlə üz-üzədirlər.

Normalda bu məqam Yay Oyunları üçün klassik hesab edilir. Ancaq bu vaxta belə problemlərlə hələ heç bir təşkilatçı üzləşməyib. Son yarışın pandemiyaya görə bir il sonra – 2021-ci ildə Tokioda keçirildiyini nəzərə alsaq, son 3 ilin zirvə yarışında belə halın olması heç də yaxşı bir məqam deyil. Parisdə nə baş verir? İndi oxuyacaqlarınızdan dəhşətə gələcəksiniz.

Fransanın "olimpiada nağılı": Evsizləri şəhərdən çıxarır, tələbələri küçəyə tökürlər

Problemləri say, say bitmir. İlk olaraq maliyyə məsələlərindən başlayaq. Yarışın təşkilatçılığı ilə bağlı büdcədə ciddi problemlər var. Təşkilatçlılar açıqladığı hesabatlarda büdcə vəsaitlərini yüksək məbləğdə göstərsələr də, ortaqlıqda pul deyilən bir şey yoxdur. Çünki sponsorlar tərəfindən heç bir ödəniş edilməyib. 2 gün öncə auditorlar Parisin-2024-ün hazırlığı haqqında hesabat dərc ediblər. Açıqlanan nəticələr heç də yaxşı deyil.

Hazırlıqlara başlamazdan bir il əvvəl büdcə ilkin elan edilənlə (3,4 milyard avro) müqayisədə ciddi şəkildə şişirdilib. Bu məbləğ hər il artırıldı və 2022-ci ilin sonuna qədər məbləğ 4,4 milyardı ötdü. Auditorların fikrincə, təşkilatçılar 2017-ci ildə büdcəni elan edərkən işin həcmini və mürəkkəbliyini çox aşağı qiymətləndiriblər. Onlar büdcənin süni şəkildə daha da artacağından qorxurlar. Çünki vəsaitin cəlb olunmasıyla bağlı qeyri-müəyyənlik var.

Üstəlik “Louis Vuitton” ilə vəd edilən 140 milyon avroluq müqavilə bağlanmayıb. Ümumilikdə sponsorlardan 337 milyon avro alınmayıb. Bu pulun qarşıdakı bir il ərzində olub-olmayacağı da hələ məlum deyil. Buna görə təşkilatçılar bəzi planları təxirə salmalı olacaqlar.

Fransanın "olimpiada nağılı": Evsizləri şəhərdən çıxarır, tələbələri küçəyə tökürlər

Problem təkcə pulda deyil. Hələ çox iş həyata keçirilməyib. Olimpiya, media kəndi və ən azı bir arena da daxil olmaqla bir neçə sahədə tikinti işləri ləngiyib. Təşkilatçılar oyunlar zamanı təhlükəsizliyi təmin etməli olan agentliklə də müqavilə bağlaya bilməyiblər. Dövlətin bütün səylərinə baxmayaraq, bununla bağlı elan edilən tenderlərin uğursuz nəticələnəcəyi gözlənilir. Bu zaman problemi aradan qaldırmaq üçün polis və silahlı qüvvələrə müraciət etmək məcburiyyətində qalacaqlar.

Fransanın "olimpiada nağılı": Evsizləri şəhərdən çıxarır, tələbələri küçəyə tökürlər

Bu problemlər Fransa polisinin bu işlə maraqlanmasına səbəb olub. Bir həftə öncə Korrupsiya, Maliyyə və Vergi Cinayətlərinə Qarşı Mübarizə üzrə Mərkəzi İdarəsinin əməkdaşları Olimpiadanın Təşkilat Komitəsinin binasına gələrək burada yoxlama aparıblar. Bu, əməliyyatın oyunlarla bağlı müqavilələrin qeyri-qanuni bağlanması, eləcə də dövlət pulunun mənimsənilməsi şübhəsi ilə aparılan iki istintaqın (2017 və 2022-ci illərdə başlayıb) bir hissəsi olduğu bildirilib. Gizli saxlanılan, amma polisin müdaxiləsindən sonra ortaya çıxan problemlərdən biri də maliyyə maxinasiyalarıdır. 2021-ci ilin aprelində Fransanın Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin Paris-2024-ün təşkili ilə bağlı açıqladığı iki hesabatda bir neçə mümkün pozuntuya işarə edilib. Aparılan son reydin nəticələri barədə ictimaiyyətə məlumat verilməyib. Beynəlxalq Olimpiya Komitəsi isə baş verənləri səssiz şəkildə izləməyi üstün tutur.

Fransanın "olimpiada nağılı": Evsizləri şəhərdən çıxarır, tələbələri küçəyə tökürlər

Paris Olimpiadasının əsas problemlərindən biri də nəqliyyat sistemidir. Bu məsələ bir il əvvəl də gündəmə gəlib. Lakin o vaxtdan bəri heç nə dəyişməyib. Təqdimatlarda iki yeni metro xəttinin inşa ediləcəyi qeyd olunsa da, bu reallaşdırılmayıb. Fransızlar hələ də bu proyekti reallaşdıracaqlarını bildirirlər. Lakin həmin stansiyaların Olimpiadanın startına qədər hazır olmayacağı dəqiqdir. Parisin İle-de-Frans rayonun rəhbəri Valeri Pekres olimpiada vaxtı şəhər nəqliyyatının çökəcəyini açıq şəkildə bildirir: “Biz Olimpiya obyektlərində, metroda hadisələrə səbəb olacaq fövqəladə hallar barədə xəbərdarlıq etmişik”.

Onun sözlərinə görə, oyunlara bir il qalsa da, Paris metrosu qonaqların axınına hazır deyil. Metroda son zamanlar baş verən hadisələr bunun göstəricisidir. İyunun ortalarında bir qadının çantasının vaqonun qapısına ilişib qalması metronun dördüncü xəttində həyəcan siqnalının çalınmasına səbəb olub. Beş qatarın hərəkəti dayanıb. Buna görə yeraltı nəqliyyatda ciddi izdiham yaranıb. Sərnişinlər problem həll olunana qədər qatarda iki saat havasız qalıblar. Bundan bir neçə gün sonra 13-cü metro xəttidnə 90 dəqiqəlik dayanma olub. Bu dəfə ciddi texniki problem yaranıb.

Fransanın "olimpiada nağılı": Evsizləri şəhərdən çıxarır, tələbələri küçəyə tökürlər

Parisin nəqliyyat administrasiyası yaşananlardan sonra araşdırmaya başlayıb. Qurum olimpiada zamanı metroda da belə olacağından narahat olmağa başlayıb. Oyunlar zamanı Parisə dünyanın hər yerindən təxminən 10 milyon qonağın gələcəyi gözlənilir ki, bu da köhnə avadanlıqlarla malik olan metro ilə bağlı ciddi narahatlıq yaradıb. Olimpiada üçün 860 milyon avroya 37 yeni qatarın alınacağı bildiridilsə də, bu məsələnin həll olunacağına inam yoxdur.

 

Fransanın "olimpiada nağılı": Evsizləri şəhərdən çıxarır, tələbələri küçəyə tökürlər

Başqa bir problem qonaqların yerləşdirilməsi ilə bağlıdır. Yarışda çalışacaq şəxslər üçün kifayət qədər yer yoxdur. Buna görə də tələbələr yataqxanalardan qovulur, sığınacaqlara yerləşdirilən evsizlər isə şəhərdən çıxarılır.

Qonaqlardan əlavə, təşkilatçılar Olimpiadanın bir çox əməkdaşını yerləşdirməli olacaqlar.

“Bu, hökumətin xalqa hörmətsizliyini geniş şəkildə əks etdirən açıq-aşkar nifrətdir. Olimpiada kimi bir tədbir təşkil edə biləcəyini iddia edən Fransa üçün qonaqları yerləşdirə bilməmək, tələbələri küçəyə atmaq ləyaqətsizlikdir. Bu, dövlətin bacarıqsızlığını göstərir”, – deyə Tələbə Həmkarlar İttifaqının rəhbəri Rişi Thibud açıqlama verib.

Onun sözlərinə görə, paytaxtdakı 12 yataqxanadan 3200-dən çox tələbənin çıxarılması planlaşdırılır. Nə dövlət, nə də olimpiadanın təşkilatçıları tələbələrə alternativ variant təklif etməyib.

Fransanın "olimpiada nağılı": Evsizləri şəhərdən çıxarır, tələbələri küçəyə tökürlər

Eyni zamanda, Fransa hakimiyyəti yaşamağa yeri olmayan sakinləri və miqrantları şəhərdən kütləvi şəkildə çıxarmağa başlayıb. Bununla ən ucuz hostellərin boşalmasına və şəhərə gələcək turistlərin hostellərdə məskunlaşmasına nail olmaq istəyirlər. Paytaxtdakı hostellərin xidmətlərindən, əsasən, evsizlər və miqrantlar istifadə edirlər. Fransa hakimiyyəti Parisdən kənarda evsizlərin və miqrantların yerləşdirilməsi üçün xüsusi yerlər tikmək niyyətindədir. Bu da yerinə yetirilməyən boş vədlərdən biridir.

Bu yaxınlarda Fransada geniş sorğu keçirilib. Məlum olub ki, xalqı artıq Olimpiadanın perspektivinə o qədər də nikbin baxmır. Respondentlər təşkilatçılıq səviyyəsini aşağı qiymətləndirir və biletlərin həddən artıq baha olmasından narazılıq edirlər. İnsanlar deyirlər ki, Olimpiadanın başlamasına cəmi bir il qalsa da, böyük yarışa hazırlıq görülməsi hiss olunmur. Bundan başqa, respondentlərin 64%-i oyunlar zamanı təhlükəsizliklərindən narahat olduğunu bildirib. 71% insan isə olimpiadanın onlara zərər verəcəyindən qorxur.

Fransanın "olimpiada nağılı": Evsizləri şəhərdən çıxarır, tələbələri küçəyə tökürlər

Fransanın idman naziri Amelye Odi-Kastera sorğuya cavab olaraq, insanların hər şeydə Olimpiadanı günahlandırmağa vərdiş etdiyini bildirib:

“Biz Olimpiadanı bütün məyusluqlarımız üçün “günah keçisi” etməməliyik. Faktları təhrif etməmək və bütün sosial problemlərimizdə Olimpiya Oyunlarını günahlandırmamaq vacibdir. Cəmiyyətdəki bütün problemlərə görə Olimpiadanı günahlandıra bilmərik”.

Görünən odur ki, özünü böyük, güclü dövlət sayan Fransa tarixi yarışı qəbul etməyə hazır deyil. Halbuki idmanın zirvəsi hesab edilən Olimpiya Oyunlarına hazırlaşmaq üçün onların kifayət qədər vaxtı olub. Əslində böyük ölkələr belə yarışları qəbul etməkdə problemlə üzləşmirlər. Çünki onların infrastruktur baxımından problemləri olmur. Ancaq bu, Parisə aid deyil. “Sevgi şəhər”i adlandırlan Fransa paytaxtı deyildiyi qədər əzəmətli və möhtəşəm də deyil. Mütəxəssislər hesab edirlər ki, sözügedən şəhərin Olimpiya Oyunlarına hazırlaşması üçün 20-30 il vaxta ehtiyac var. Çünki dünyaya demokratiya və müasirlik dərsi keçməyə çalışan ölkənin bir nömrəli şəhərinin istfadə müddəti başa çatıb. (Publika.az)