Sərgən Yalçın sabah gəlir – “Neftçi” rəsmiləri hara yoxa çıxıblar?
“Neftçi” yeni baş məşqçisinə qovuşmaq üzrədir. Sərgən Yalçınla bir neçə gündür davam edən danışıqlar müsbət yekunlaşıb.
Aut.az-ın əldə etdiyi məlumata görə, böyük ehtimalla, Sərgən Yalçın sabah – iyunun 20-də Bakıya gələcək. O, əvvəlcə “ağ-qaralar”ın baş sponsoru SOCAR-ın rəhbərliyi ilə görüşəcək. Ardınca komandanın ev oyunlarını keçiriyi 8-ci km qəsəbə stadionunu və inşası davam edən yeni bazanı gəzəcək. Bundan sonra tərəflər son dəfə bir araya gələcəklər. Yekun qərar həmin görüşdə veriləcək.
Maraqlı məqam odur ki, “Neftçi”nin hazırkı baş məşqçisi Laurentsiu Regekampf da məhz həmin gün Bakıya gəlməlidir. Bununla bağlı planda dəyişiklik yoxdur. Ancaq qəribəsi olan odur ki, “ağ-qaralar”da bir məşqçi göndərilməmiş digəri gətirilir.
Bu qədər hadisənin baş verdiyi vaxtda “Neftçi” rəhbərliyi yoxa çıxıb. Klub prezidenti Kamran Quliyevdən xəbər yoxdur. Klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevlə də əlaqə saxlamaq mümkün deyil. O, hazırda telefonlara cavab vermir. Yalnız idman direktoru Zaur Əzizovun yeri məlumdur. Əzizov yeni futbolçuların transferi ilə bağlı ölkə xaricinə üz tutub.
İyunun 21-də isə komandada fasilə rəsmən başa çatacaq. Hamını maraqlandıran sual odur ki, futbolçular həmin gün kimin rəhbərliyi altında bir araya gələcəklər? Hələlik cavab yoxdur. “Neftçi”dəki sirli-sehrli vəziyyətə, böyük ehtimalla sabah aydınlıq gələcək.
Aut.az
