Azərbaycan futboluManşetSeçmə

“Neftçi”də ara qarışdı, Rövşən Nəcəf qəzəbləndi: Sadıq Sadıqov qayıdır?

Premyer Liqada uğursuzluğa düçar olan “Neftçi”nin ölkə kubokunu əldən verməsi klub ətrafında ciddi gərginlik yaradıb. “Ağ-qaralar” düşərgəsində fırtına öncəsi səssizlik yaşanır. Fırtınanın bir neçə gün sonra Müşahidə Şurasının iclasında yaşanacağı gözlənir.

Aut.az-ın əldə etdiyi məlumata görə, “Neftçi”nin ölkə kubokunun finalında “Qəbələ”yə məğlub olmasını canlı izləyən Müşahidə Şurasının sədri Rövşən Nəcəf qəzəblənib. O, yaxın günlərə şuranın iclasını çağırıb. Finaldan dərhal sonra isə R.Nəcəf klubun prezidenti Kamran Quliyevdən hesabat tələb edib. O, komandanın nəticələrinə cavabdeh olan idman direktoru Zaur Əzizovla baş məşqçi Laurentsiu Regekampfın izahatını da istəyib. Eyni zamanda, rumıniyalı mütəxəssisin göndərilməsi ilə bağlı tapşırıq da verib.

Müşahidə Şurasının iclasında klubla bağlı ciddi qərarların veriləcəyi gözlənilir. Rəhbərlik səviyyəsində ciddi islahatlar olacaq.

Bizdə olan məlumata görə, Kamran Quliyev də daxil olmaqla bütün rəhbər şəxslərin kreslosu laxlayıb. Quliyevin göndəriləcəyi elə də real deyil. Prezident postu ilə bağlı qeyri-müəyyənlik var. Çünki Rövşən Nəcəfin Sadıq Sadıqovdan başqa namizədi yoxdur. Sadıqovun isə “Neftçi”yə dönmək üçün şərtləri var. Buna görə də onun qayıdışı yubanır. Hələlik məlum olan odur ki, yaxın 10 gün ərzində paytaxt təmsilçisində ciddi dəyişikliklər ola bilər.

Aut.az