UEFA transferlərə əl qoyacaq
Avropa Futbol İttifaqı (UEFA) klublar arasında bərabərsizliyi aradan qaldırmaq üçün yeni maliyyə tənzimləmə strategiyası hazırlayır.
Aut.az xəbər verir ki, yeni Maliyyə Sabitliyi Qaydaları (FSR) bu il qüvvəyə minəcək və avrokubok iştirakçılarının gəlirlərinin 90%-dən çoxunu transferlərə və əmək haqqına xərcləməsinə mane olacaq. Gələn il bu həddi 80, 2025-ci ildə isə 70%-ə endirmək niyyətindədirlər. Bu barədə “The Times” məlumat yayıb.
UEFA-nın xərclərin yuxarı həddini tətbiq etmək qərarı İngiltərə Premyer Liqası xaricində top Avropa klublarının çağırışından sonra qəbul edilib. Onlar maliyyə feyr-pley qaydalarının İngiltərə futbolunun üstünlüyünə töhfə verməsindən narahatdırlar. İngiltərəni təmsil edən klublar Avropanın ən zəngin komandaları siyahısında 30 yerdən 16-nı tutur.
UEFA-nın planı üçün Avropa İttifaqının təsdiqi lazım olacaq. Əlavə olaraq, Avropa Klublar Assosiasiyasının razılığı (təşkilat, görünür, yeniliyi dəstəkləməyə hazırdır) və hər bir Avropa liqasının ayrıca razılığı tələb oluna bilər. Plan, hazırda Avropa futbolunun davamlılığını yaxşılaşdırmaq üçün yaradılmış işçi qrup tərəfindən öyrənilir.
Aut.az
