Azərbaycan futbolunda hakim biabırçılığı uşaq liqalarında da yaşanır.
Özü də elə biabırçılıq ki… Aut.az xəbər verir ki, hakimlərlə bağlı daha bir biabırçı hadisə U-14 liqasında – “Sabah” – “Neftçi” oyununda yaşanıb. 1/2 final mərhələsinin ilk oyununda “Neftçi” təmiz qol vursa da, yan xətt hakimi hakim özündən oyundankənar vəziyyət uydurub. Baş hakim də onun “uydurmasını” qəbul edib. Baxmayaraq ki, baş hakim də o epizodda oyundankənar vəziyyətin olmadığını görürdü. Çünki “Neftçi”nin futbolçu ötürmə anında “Sabah”ın oyunçularından ən azı 3-4 metr arxada idi və hər şey də baş hakimin gözü qarşısında yaşanırdı.
Amma nə fayda… Hakimlər təmiz qolu qeydə almayıblar və “Sabah” görüşdən qalib ayrılıb. Heç şübhəsiz, belə hakim biabırçılığı bu azyaşlılara mənəvi-psixoloji cəhətdən çox pis təsir edir. Onlarda ədalətə, düzgünlüyə qarşı şübhə yaradır.
Bəs bu hakimlərin belə addımını hara yozaq?. Səhvə yol veriblər? Belə səhv edən hakimdə çimdik boyda da istedadın olmadığı bəlli. Yəni onlardan hakim çıxmaz. Fikirləşəndə ki, onlar “böyüyüb” kim olacaqlar, futbolumuza hansı zərbələri vuracaqlar… Ona görə də, tədbiri vaxtında görmək lazımdır, onları indidən futbol təsərrüfatından rədd etmək vacibdir. Çox vacibdir.
Matçın baş hakimi Murad Səlimov, köməkçiləri Rasim Axundov və Zakir Şükürzadə olub.
Aut.az