Azərbaycan Premyer Liqasında mövsümün tapıntılarından biri də Abdulla Şuaybudur. “Kəpəz”in nigeriyalı futbolçusu ölkəmizə gəldiyi ilk mövsümdə özünü yaxşı tərəfdən göstərdi.
Onun bu mövsüm üçün statistikası heç də pis deyil. 34 oyun, 11 qol və 5 məhsuldar ötürmə. Onun yanvarda 21 yaşı oldu. Gənc olmasına baxmayaraq təkcə futbolçu keyfiyyətlərinə görə deyil, xarakteri ilə də gəncəli futbolsevərlərin sevimlisinə çevrildi. Belə bir futbolçunun çempionatımızda çıxış etməsi müsbət məqamdır. Amma Şuaybunun aldığı maaşla sərgilədiyi futbol üst-üstə düşmür.
Aut.az-ın əldə etdiyi məlumata görə, Şuaybunun “Kəpəz”dəki bu mövsüm üçün aylıq məvacibi cəmi 1000 dollardır. Bəli, təqribən 1700 manat. O, növbəti ilində 2000 dollar maaş alacaq. Azərbaycan Premyer Liqasında barmaqla sayılacaq qədər legioner belə qəpik-quruşa oynayır. Onlar da Şuaybu kimi keyfiyyətli deyillər.
Bizdə olan başqa bir məlumata görə, nigeriyalı futbolçunun xidməti “Neftçi” və digər aparıcı klublarımıza təklif edilib. Ancaq müsbət cavab alınmayıb. Klublar bildiriblər ki, bizə daha elitar futbolçular lazımdır.
Belə vəziyyətdə klubları anlamaq mümkün deyil. Onlara futbolçu lazımdır, yoxsa ayda 20-30 min dollar maaş alıb meydanda gəzənlər? Abdulla Şuaybu kimi iddialı, potensiallı futbolçuları ucuz qiymətə, yaxşı şərtlərlə transfer etmək nə qədər çətindir? Belə futbolçuları daha sonra ölkə xaricinə satıb gəlir də əldə etmək olar. Ancaq bizim klublarda bunu düşünəcək şəxslər yoxdur.
Aut.az