“Qarabağ”a qol vuran futbolçu üçün fantastik təklif
İtaliyanın “Napoli” klubu yeni mövsüm üçün transfer fəaliyyətinə start verib.
Aut.az xəbər verir ki, Neapol təmsilçisi hücum xəttini yeni futbolçu ilə gücləndirmək istəyir. Ölkə çempionunun əsas hədəfi “Gent”in forvardı Gift Orbandır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
“Napoli” 20 yaşlı hücumçu üçün 70 milyon avro ödəməyə hazırdır. Belçika klubu isə 2027-ci ilədək müqaviləsi olan nigeriyalı futbolçunu daha baha qiymətə – 80 milyon avroya satmaq istəyir.

“Gent” Orbanı qış transfer pəncərəsi zamanı Norveçin “Stabek” klubundan 1 milyon avro qarşılığında transfer edib. Gənc qolçu komandanın heyətində meydana çıxdığı 21 matçda 22 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Orban Avropa Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ”la cavab görüşündə komandasına qələbə qazandıran yeganə qolun müəllifi olub.
