“Azərbaycan ürəyimdədir. 6 il əvvəl ölkənizdə keçirilən yeniyetmələr arasında dünya çempionatında qızıl və gümüş medallara sahib olmuşdum”.
Aut.az xəbər verir ki, bu sözləri Macarıstandan olan atlet Zalan Pekler söyləyib. Bakıda “Dünya Kuboku 2023″də kişilər arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atış üzrə yarışında qızıl medal qazanan idmançı ölkəmizdə gördüyü münasibətdən məmnun olduğunu bildirib:
“Qızıl medal qazandığım üçün özümü xoşbəxt hiss edirəm. Növbəti dəfə burada olduğuma və yenə medal qazandığıma görə şadam. Azərbaycan mənim üçün düşərli yerdir. Təsnifat mərhələsində də Avropa rekorduna imza atdım.
Final mərhələsində rəqiblərim güclü idi. Çin komandaları hər zaman güclü atletləri ilə fərqlənib. Çindən olan atıcı Şin Yaonu fərqləndirə bilərəm. Budəfəki final gərgin və həyəcanlı idi. Buna baxmayaraq, diqqətimi hədəfə kökləməklə atış səviyyəsini qoruya bildim.
Mükafatlandırma mərasimindən sonra gənc atletlərlə könüllülərin mənə olan diqqət və sevgisi, fikrimcə, yarışda qazandığım uğurla bağlı idi. Fikrimcə, bunda yaraşıqlı olmağımın da müəyyən rolu oldu. Amma ilk növbədə təbii ki, performansdır”.
Qeyd edək ki, “Dünya Kuboku 2023” mayın 14-də başa çatacaq.