Aprelin 26-da Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab görüşləri keçiriləcək. Diqqətlər “Neftçi” və “Turan Tovuz” komandaları arasında baş tutacaq oyunda olacaq.
İlk oyunda səfərdə gözlənilmədən məğlub olan (1:0) “ağ-qaralar” bu görüşdə geridönüş etmək məcburiyyətindədirlər. Bəli, buna məcburdurlar. Çünki çempionluq yarışında növbəti dəfə məğlub olan komanda mövsümü heç ikinci sırada belə başa vura bilməyəcək.
Mövsümü titulla başa vurmaq istəyən “Neftçi” üçün yeganə şans kubokdur. Təsadüfi deyil ki, paytaxt klubu yarışın aşkar favoriti hesab edilirdi. Ancaq indi vəziyyət fərqlidir. Tovuzda alınan məğlubiyyət işləri xeyli çətinə salıb. Cavab matçında “ağ-qaralar” geridönüş edə bilməsələr, heç də yaxşı hadisələr yaşanmayacaq.
Aut.az-ın əldə etdiyi məlumata görə, “Neftçi”nin uğursuz çıxışı fanatları xeyli qəzəbləndirib. Kubokda qeydə alınacaq uğursuzluq səbir kasasını daşıracaq son damla olacaq. Artıq “ağ-qaralar”ın çılğın fanatları sosial şəbəkələrdə bu barədə mesajlar göndərməyə başlayıblar.
Düzdü, onlar “Turan Tovuz”la matçda komandalarına dəstək olacaqlar. Ancaq “Neftçi” 90 dəqiqənin sonunda finala vəsiqə qazana bilməsə, azarkeşlərin qarşısında çətin ki, kimsə dursun. Çünki fanatlar baş məşqçi ilə yanaşı, klub rəhbərliyini istefaya səsləməyi planlaşdırırlar və bu məsələdə israrlıdırlar. Onlar uğursuzluq fonunda klub prezidenti Kamran Quliyev bağışlamaq fikrində deyillər.
“Neftçi” azarkeşlərinin Quliyevin yerinə namizədləri də var. Onlar “ağ-qaralar”ın ən titullu klub prezidentlərindən biri olan Sadıq Sadıqovu yenidən bu posta qaytarmaq istəyirlər. Artıq fanatların yer aldığı qruplarda paylaşımlar edirlər. Belə postlardan birinə Sadıq Sadıqov şəxsən şərh yazıb. Onun dövründə məşqdən paylaşılan videoya “Unudulmaz xatirələr” rəyini yazan Sadıqova fanatlar isti yanaşıblar. Onu yenidən “Neftçi”də görmək istədiklərini açıq şəkildə bildiriblər. Sadıq Sadıqov fanatların diqqətini sükutla izləsə də, sabiq idman direktoru Güloğlan Cabbarov azarkeşlərlə ünsiyyət qurub:.
“İnşallah, qardaş, göydə Allah yerdə azarkeşlərlə bir yerdə yenidən qayıdıb “Neftçi”mizi uğurlu hədəflərə aparmaq istəyərdik” – deyə Cabbarov bildirib.
İndi isə qayıdaq Kamran Quliyevə. Son zamanlar baş verənlər göstərir ki, o, “Neftçi”dəki postunu itirməyə yaxındır. Çünki klubun sponsoru olan SOCAR da Quliyevin idarəçiliyindən narazıdır. Kubokda uğursuz nəticə Kamran Quliyevin istefaya göndərilməsi ilə nəticələnə bilər. Hətta kubokun qazanılması belə onun postundan göndərilməsinə mane olmaya bilər. Məlumata görə, artıq Quliyevi əvəz edə biləcək şəxslərin siyahısı hazırdır ki, SOCAR rəhbərliyi onlarla bağlı araşdırma aparır.
Aut.az