2021-ci ilin yayında Bəhlul Mustafazadənin Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi “Əl-Əyn”ə transferi gündəmə gəlmişdi. Həmin vaxt “Sabah”ın formasını geyinən müdafiəçi qarşı tərəflə ilkin müqavilə bağlasa da, ancaq sonradan BƏƏ təmsilçisi anlaşmanı birtərəfli qaydada pozmuşdu.
Nəticədə Bəhlul və “Sabah” aldadılmış vəziyyətə düşdü. Çünki “bayquşlar” “Əl-Əyn”lə müqavilə bağlması üçün transfer vərəqəsini Mustafazadəyə vermişdilər. Öhdəliklərini yerinə yetirmədikləri üçün hər iki tərəf BƏƏ klubundan FİFA-ya şikayət ünvanlamışdılar. “Sabah” 500 min, Bəhlul isə 900 min avroluq iddia qaldırmışdı.
Planetin ali futbol qurumu məsələ ilə bağlı yekun qərarını açıqlayıb. Bu barədə Aut.az-a “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib. O, bildirib ki, FİFA onların xeyrinə qərar verib:
“FİFA müraciətimizə baxıb və klubumuzun xeyrinə qərar verib. Lakin “Əl Əyn” tərəfi bu qərardan CAS-a şikayət edib. İdman Arbitraj Məhkəməsi (CAS) hələ ki, bu məsələ ilə bağlı qərarını açıqlamayıb”.
Məsələ ilə bağlı Bəhlul Mustafazadənin meneceri Səbuhi Səfiyarlı ilə əlaqə saxladıq. O da, FİFA-da qalib gəldiklərini, ancaq “Əl-Əyn”in bu məsələdə CAS-a şikayət etdiyini bildirib. Səfiyarlı bildirib ki, qurumun nə vaxt qərar verəcəyi bəlli deyil.
Qeyd edək ki, Bəhlul Mustafazadə “Əl-Əyn”ə transferi baş tutmadıqdan sonra “Qarabağ”la anlaşıb. O, hazırda da Ağdam təmsilçisinin uğurları üçün çalışır.