Son günlər Azərbaycan futbolunda ən çox müzakirə edilən məsələlərdən biri də Gəncə şəhər stadionunun ot örtüyünün yararsız vəziyyətə düşməsidir. İstifadəyə yararsız vəziyyətdə olan arenada yalnız qazonun vəziyyəti pis deyildi. Ancaq indi vəziyyət dəyişib. Ot örtüyü stadionun vəziyyətinə uyğun hala gəlib.
Bu məsələ futbol ictimaiyyətində ciddi müzakirələrə səbəb oldu. “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri açıqlamasında bildirmişdi ki, qazon tezliklə əvvəlki vəziyyətinə qaytarılacaq:
“Qış fasiləsindən sonra ot örtüyündə problem yaranmağa başlamışdı. Meydança bu gün artıq tam yararsız hala düşüb. Ot örtüyünə baxan mütəxəssislərlə daim əlaqədəyəm. Ot örtüyü ilə bağlı prosedurlar həyata keçirilir. Bir neçə gündən sonra bunun effektini görəcəyik. Son günlər havaların soyuq keçməsi inkişaf proseduruna təsir göstərdi. Onların verdiyi məlumata görə, aprelin 15-də “Turan Tovuz”la keçirəcəyimiz oyuna kimi meydanda 80 faiz yaxşı hala gələcək”.
Məsələnin ciddiliyini nəzərə alaraq Azərbaycan Premyer Liqasının təşkilatçısı Peşəkar Futbol Liqasının da mövqeyini öyrəndik. Qurumun prezidenti Elxan Səmədov Gəncə şəhər stadionunda yoxlama keçirəcəklərini bildirdi:
“Ötən tur Gəncədə gördüyümüz vəziyyət pisdir. Məncə, biz növbəti turda yoxlama keçirməliyik. Belə vəziyyətdə olsa, yəqin orada oyun keçirilməsinə icazə verilməyəcək”.
Qeyd edək ki, Elxan Səmədovla geniş müsahibə ilə yaxın günlərdə tanış ola biləcəksiniz.
Aut.az