Onların əl-qolu bağlanacaq: Futbolu məhv edirlər? – FOTOLAR
Yanvarda Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) rəsmi olaraq, futbol qaydalarında dəyişillik edəcəyini açıqladı. Əsas dəyişikliklər penaltilər zamanı cərimə meydançasında baş verən hadisələrlə bağlı oldu. Buna səbəb isə qapıçıların 11 metrlik cərimə zərbələri zamanı davranışları idi.
Hər şey Qətərdə keçirilən Dünya çempionatının finalından başladı. Argentina millisinin qapıçısı Emiliano Martinezin Fransa ilə oyundan sonra penaltilər seriyasındakı həkərəkətləri futbol ictimaiyyətində birmənalı qarşılanmadı.

O, Niderland ilə 1/4 final matçındakı seriyadan sonra ilhamlandı. Həmin vaxt hərəkətləriylə rəqib futbolçuları 2 dəfə səhv etməyə məcbur etdi. Bunun nəticəsində komandası yarımfinala vəsiqə qazandı. Argentinalı qolkiper finalda daha sərt davrandı. Bunun nəticəsində fransız futbolçular da səhvə yol verdilər.

Martinezin bu addımı futbol ictimaiyyətində birmənalı qarşılanmadı. Nəticədə İFAB məsələyə qarışmalı oldu. Uzun sürən müzakirələrdən sonra qərar verildi ki, penaltilər zamanı qapıçılar rəqibə hörmətsizlik göstərməməli, fikrini ədalətsiz şəkildə yayındırmalıdır. Eyni zamanda, əlcək ustaları hansısa jestlər edə, qapı toruna, dirəyə toxuna bilməz. Seyvlərdən sonrakı sevincləri zamanı belə hərəkətlərinə diqqət yetirməlidirlə. Bu hallarda onlar sarı vərəqə ilə cəzalandırılacaqlar. Bu qərar iyulun 1-dən qüvvəyə minəcək.

Dəyişikliklərin günahkarı Emiliano yeniliklərə münasibət bildirib. O, İFAB-ın qərarlarını normal qarşılamayıb:
“Mən həmin oyunlarda istəyimə çatdım. Qarşıdakı 20 ildə penalti seriyasında qalib olub-olmayacağımı bilmirəm. Bununla belə, Amerika Kuboku və Dünya Kubokunda qaytardığım penaltilər çempion olmağa kömək etdi. Bunlar mənim üçün kifayətdir. Biz həmişə qaydalardakı dəyişikliklərə və FİFA-nın istəklərinə uyğunlaşmalı olacağıq. Heç bir problem olmayacaq, narahat olmayın.
Düşünürəm ki, penaltilər seriyasında tamamilə fərqli oyun başlayır. Burada qapıçı təkdir, rəqib futbolçuya və qapıçıya qarşı mübarizə aparır. Bəziləri bunu başa düşmürlər. Çünki onlar qapıçının xəttdə dayanmasını və sadəcə top üçün tullanmasını istəyirlər. Ancaq vuran şəxs zərbədən əvvəl müxtəlif hərərktlər edə bilər. Sonra qolu önünüzdə qeyd edə, dizlərinin üstündə sürüşə, rəqs edə bilər. Qapıçılar, sadəcə olaraq topu tordan çıxarmalı və geri atmalıdılar. Belədir? Mən bunu başa düşə bilmirəm”.

“İnter”in və Argentina millisinin futbolçusu Lautaro Martinez komanda yoldaşını dəstəkləyənlərdən biridir:
“Mən Eminin rəqiblərlə danışıq tərzində və ya seyvləri qeyd etməsində səhv bir şey görmürəm. Mən onu dəstəkləyirəm. Bu yaxınlarda eşitdim ki, ona görə yeni qaydalar tətbiq etmək istəyirlər. Belə çıxır ki, hücumçu sevincini qeyd edə bilər, amma qapıçılar edə bilməz? Niyə? Mən Martinezi dəstəkləyirəm. O, qeyri-adi heç nə etmir”.

Fransa millisinin və “Milan”ın qapıçısı Mayk Menyan isə daha maraqlı açıqlama ilə gündəmə gəlib. O, İFAB-ın qərarlarına ironiya ilə yanaşıb:
“IFAB 2026-cı ildə yeni penalti qaydaları qəbul edəcək – qapıçı üzü qapıya dayanmalı, arxası zərbə vuran oyunçuya tərəf olmalıdır. Qolkiper topu qaytararsa, zərbə təkrarlanacaq”.
Bu məsələ futbol ictimaiyyətində geniş müzakirə olunur. Hər kəs bu məsələyə münasibət bildirir. Ancaq əksəriyyətin fikrincə, qapıçılar müəyyən sərhədlər çərçivəsində sərbəst olmalıdılar. Onların fikrincə, İFAB-ın yeni qaydaları qapıçıları “qəfəs”ə salmağa bənzəyir. Son qərarlar futbolu məhvə doğru aparır.
Heybət Məmmədov
