Dünya futbolu

Telefona baxdılar, cəzalandılar

Misir Futbol Assosiasiyası “Suets” – “Əl-Nəsr” matçını idarə edən baş hakim Məhəmməd Faruku və onun bütün köməkçilərini diskvalifikasiya edib.

Aut.az xəbər verir ki, hakimlər qolu ləğv etmək üçün mobil telefondan istifadə ediblər.

Misirin ikinci divizionunda VAR sistemi tətbiq edilmir və normal vaxtın bitməsinə bir neçə dəqiqə qalmış “Əl-Nəsr” hesabı bərabərləşdirib. Ancaq hakim smartfonda videoya baxdıqdan sonra əl ilə oyun aşkar edərək qolu saymamaq qərarına gəlib.

Faruk qarşılaşmaya15 dəqiqə əlavə edib və oyun “Suets”in qələbəsi ilə yekunlaşıb – 3-1.

Femida təmsilçisini qaydaları pozduğuna görə məhkəməyə verməklə hədələyən “Əl-Nəsr”in futbolçuları və rəsmilərinin etirazları fonunda hakimlər briqadası polisin mühafizəsi altında meydanı tərk etməli olub.

Assosiasiyanın verdiyi açıqlamada bildirilir ki, hakimlər komitəsinin sədri Vitor Pereyra bütün briqadanın fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb.

“Komitə matçın baş hakimi Məhəmməd Farukun oyun epizodlarından birini izləmək üçün mobil telefonundan istifadə etdiyi insidenti araşdırmaq qərarına gəlib”, – press-relizdə deyilir.

Aut.az