Canni de Byazi ilə him-cimlə baş tutan söhbət – FOTOLAR
Həftə sonu Azərbaycan Premyer Liqasında 26-cı turun görüşləri keçirildi. 5 qarşılaşmadan 3-cü bölgələrdə baş tutdu.
Məlum olduğu kimi, əyalətdəki oyunlar həmişə maraqlı olur. Qışın, yerini yavaş-yavaş yaza verməsi də əyalətdəki qarşılaşmaları daha gözəl edən məqam idi. Bunu həm meydanda, həm də tribunalarda hiss etmək mümkün idi. Xoş hava hər kəsin əhval-ruhiyəsinə müsbət təsir etmişdi. Bu oyunları maraqlı edən məqamlardan biri də rəsmi şəxslərin səfəri idi. Çempionatın təşkilatçısı olan Peşəkar Futbol Liqasının rəhbərliyi Tovuz, Gəncə və Şamaxıdakı vəziyyəti yaxından izləmək üçün yollanmışdı.

Milli komandamızın baş məşqçisi Canni de Byazi də səfər iştirakçılarından biri idi. O, PFL-dən fərqli olaraq, komandaların və futbolçuların durumu ilə tanış olmaq üçün oyunları stadiondan canlı izləyəcəkdi. Gəncədə baş tutan turun açılış oyununda yerli “Kəpəz” “Zirə”ni qəbul edirdi. İtalyalı mütəxəssis həmin oyuna təqribən 15 dəqiqəlik gecikmə ilə yetişdi. Oyunun sonuna bir neçə dəqiqə qalmış isə stadionu tərk etdi.

Bir gün sonra baş tutan “Turan Tovuz” – “Qəbələ” görüşünə de Byazi daha erkən – təqribən 1 saat əvvəl gəldi. Həmin vaxt stadionda olan yeganə fəxri qonaq idi. Biz də həmkarlarımızla birlikdə bu məqamı fürsət bilərək onun fotolarını çəkmək qərarına gəldik. Əvvəllər heç nə olmamış kimi davranan 66 yaşlı mütəxəssis bu dəfə fərqli formada davrandı. O, zarafatla bizi çəkməyə başladı.


Maraqlı anlar 4-5 dəqiqə davam etdi. Oyunu VİP otaqdan izləyən Canni de Byazi ilə jestlərlə həmsöhbət olduq. Qəfildən qərara gəldik ki, oyun başlayana qədər üz-üzə danışaq. Görüşdüyümüz yerdə oyuna hazırlıq prosesi getdiyindən, elə də rahat söhbət edə bilmədik. Amma fürsətdən mümkün qədər istifadə edib, suallarımı millinin baş məşqçisinə ünvanladım.
– Uzun fasilədən sonra yenidən bölgələrə səfər edirsiniz? Təsüratlarınız necədir?
– Hər şey yaxşıdır. Tovuzda gözəl stadion var. Hər şey əladır. Şərait də yaxşıdır. Gözəl oyun olacaq (red. – müsahibə “Turan Tovuz” – “Qəbələ” oyunundan əvvəl alınıb). Gəncədəki matç da maraqlı alındı. “Kəpəz” çox yaxşı çıxış elədi. Baxmayaraq ki, iş günü – cümə günü idi, amma stadionda xeyli azarkeş vardı. Komandalarına yaxşı dəstək oldular. Belə məqamları görəndə sevinirəm. Futbola baxan tamaşaçıları görmək həmişə xoşdur. Təbii ki, bu, futbolun inkişafı üçün çox vacibdir.
– Milli komandanın AVRO-2024-dəki oyunlarına artıq sayılı günlər qalıb…
– Əsas futbolçuların fiziki hazırlığıdır. Ona görə də kimin nə qədər oynadığını və hansı durumda olduğunu diqqətlə araşdırırıq. Köməkçilərim bu məsələni diqqətdə saxlayır. Klubların fiziki məşqçiləriylə əlaqədədirlər. Məlumatları onlardan alırıq. Şənbə günü siyahımız hazır olacaq.
– Son oyunlardakı nəticələrin davamını seçmə mərhələdə gətirmək mümkün olacaqmı?
– Ümid edirəm ki, yaxşı nəticələrimiz davam edəcək. İndi rəqiblər də fərqlidir. Hər şey başqa cür olacaq. Təbii ki, bizim komanda inkişaf edib. Məncə, Millətlər Liqasındakı nəticəmiz yaxşı idi. İndi fərq odur ki, çox güclü rəqiblərə qarşı oynayacağıq. Asan olmayacaq, amma əlimizdən gələn hər şeyi edəcəyik. Bütün gücümüzü ortaya qoyacağıq.
– İndiki gənc komandanı qurmaq və yaxşı nəticələr üçün xeyli vaxt getdi. Bunun səbəbi nə idi?
– Öncə futbolçuları tanımaq lazım olur. Sonra yavaş-yavaş hər şey öz axarında gedir. İndi gənc, motivasiyalı futbolçularımız var. Onlar bir-birilərini çox yaxşı başa düşürlər. Bütün güclərini meydanda qoyurlar. Futbolçular oynayıb-oynamamaqlarından asılı olmayaraq həmişə hazır olmalıdırlar. Hamı bir-birini dəstəkləməlidir. Ancaq belə halda yaxşı komanda qura bilərik.

– Avstriya və İsveç səfərləri – çox vahiməli səslənir. Hər ikisi güclü komandadır. Futbolçularımız üçün belə komandalara qarşı oynamaq çətin olmayacaq ki?
– Heç bir oyun asılı olmur. Hər ikisi güclü rəqiblərdir. Çox təcrübəli və səviyyəli futbolçuları var. Fərqli komandalardır. Onlara qarşı əzmkar şəkildə çıxış etmək lazımdır. İnşallah yaxşı nəticələr əldə edərik.
– Bir neçə gün öncə İtaliya mətbuatında açıqlamanız yayıldı. Orada diqqətçəkən bir məqam var idi. Müqaviləniz başa çatdıqdan sonra yenilənməyəcəyinizi bildirmişdiz. Sonradan bunu təkzib etdiniz…
– Tərcümədə səhv olub. Mən elə söz işlətməmişəm. Müqaviləm dekabrında başa çatacaq. İndidən qalıb-qalmayacağımı hələ bilmirəm.
– Şahruddin Məhəmmədəliyevin yoxluğunda Yusif İmanova şans verəcəyinizlə bağlı açıqlamanız da var…
– Hələ dəqiq bilmirik. Məşqçi heyəti ilə qapıçıların durumuna baxacağıq. Ondan sonra kimin oynayacağına qərar verəcəyik.

Canni De Byazi Tovuzdan sonra Şamaxıya yollandı. Burada da onun əhval-ruhiyəsi yaxşı idi. Çünki səfəri boyunca baş tutan ən yaxşı oyuna baxdı. 3 günlük səfərin nəticəsini bəlkə də növbəti həftə – milli komandanın heyəti açıqlananda öyrənə biləcəyik.
Heybət Məmmədov
