Türkiyə

“Beşiktaş” Azərbaycana gəlir – Kiminlə qarşılaşacaq?

“Beşiktaş” Azərbaycanda yoldaşlıq görüşü keçirmək istəyir.

Aut.az xəbər verir ki, bu barədə “Fotomaç” məlumat yayıb. Bildirilir ki, İstanbul nəhəngi ötən ay Türkiyədə baş verərn zəlzələ qurbanlarına dəstək olmaq məqsədiylə milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədə 2 yoldaşlıq görüşü keçirməyi planlaşdırır. Onlardan biri Bakıda olacaq. Buna görə “ağ-qaralar”ın nümayəndələri klublarımızdan biri ilə danışıqlar aparır.

“Beşiktaş” yoldaşlıq oyunlarından digərini Almaniyada keçirmək istəyir. Bu məqsədlə Münhenqladbax “Borussiya”sı və “Leipsiq”lə müzakirələr aparılır. İstanbul təmsilçisi istəyini reallaşdırsa, oyunlar martın 19-dan sonra baş tutacaq.

Maraq üçün qeyd edək ki, Türkiyədə 2 klubumuz – “Neftçi” və “Qarabağ” çox tanınır. “Ağ-qaralar” daha əvvəl rəngdaşları ilə yoxlama oyununda qarşılaşıb və oyun 1:1 hesabı ilə başa çatıb.

Ağdam təmsilçisi ilə “Beşiktaş” arasındakı münasibətlər də pis deyil. Şenol Günəş 2017-ci ildə “atlılar”ın Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Çelsi” ilə Bakıda keçirilən oyununu tribunadan izləyib. Türkiyəli mütəxəssis həmkarı Qurban Qurbanovla da görüşüb.

“Qarabağ” və “Neftçi”nin futbolçularının əksəri müxtəlif ölkə milli komandalarının üzvləridir. Belə olan halda “Beşiktaş” klublarımızla anlaşa bilər?