Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.
Aut.az xəbər verir ki, gecənin ən maraqlı görüşü İngiltərədə baş tutacaq. Burada ötən mövsümün finalçıları “Liverpul” və “Real” üz-üzə gələcək. Ötən mövsüm baş tutan finaldan fərqli olaraq komandaların vəziyyəti heç də yaxşı deyil. Madrid təmsilçisinin rəhbərliyi baş məşqçi Karlo Ançelottidən narazıdır. “Qırmızılar” isə cari mövsümü uğursuz keçirir. İngiltərə klubunun qalib olmaq uğrunda mübarizə apardığı yeganə turnir məhz ÇL-dir.
Komandaların heyətində kifayət qədər ciddi itkilər var. “Real”da Aurelien Çuameni, Toni Kroos və Ferlan Mendi zədəlidir. “Liverpul”da isə vəziyyət daha pisdir. Yurgen Klopp 5 futbolçunun – Artur, Luis Dias, İbrahima Konate, Tyaqo və Kalvin Remzinin xidmətindən məhrumdur.
00:00 Liverpul (İngiltərə) – Real (İspaniya)
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Liverpul. “Enfild” stadionu.
Günün digər qarşılaşması isə “Napoli” ilə Frankfurt “Ayntraxt”ı arasında olacaq. Möhtəşəm mövsüm keçirən İtaliya təmsilçisi uğurlu çıxışını qitənin bir nömrəli klub turnirində də davam etdirmək istəyir. Komandaların heyətinə gəlincə, tərəflərin düşərgəsində, demək olar ki, ciddi itki yoxdur.
00:00 Ayntraxt (Almaniya) – Napoli (İtaliya)
Baş hakim: Soares Dias (Portuqaliya).
Frankfurt. “Doyçe Bank Park”.
Qeyd edək ki, ötən həftə 1/8 finalın ilk dörd qarşılaşması baş tutub. “Milan” “Tottenhem”i, “Bayern” PSJ-ni, Dortmund “Borussiya”sı “Çelsi”ni bir, “Benfika” isə “Brügge”ni 2 cavabsız qolla məğlub. Mərhələnin ilk oyunlarına sabah yekun vurulacaq. “İnter” “Porto”nu, “Leypsiq” isə “Mançester Siti”ni qəbul edəcək.