Avropa klubları transfer fəaliyyətlərini maksimum sürətləndiriblər. Bu gecə – yanvarın 31-də qitənin əksər ölkələrində qış “transfer pəncərəsi” bağlanacaq. Bundan sonra komandalar növbəti dəfə yayda güclənə biləcəklər. Adəti üzrə bəzi böyük sövdələşmələrin taleyi son gündə həll olunacaq.
Aut.az sizi reallaşma ehtimalı yüksək olan transferlərin bir qismi ilə tanış edir:
Moyses Saysedo
İngiltərə Premyer Liqasında mövsümün süpriz komandalarından biri də “Brayton”dur. “Ağ-göylər”in uğurlu çıxışı bir neçə futbolçusunun nəhəng klubların maraq düşməsinə səbəb olub. Onlardan biri də Moyses Saysedodur.
“Qağayılar”la mövsümün ilk yarısında, Ekvador millisi ilə dünya çempionatında sərgilədiyi performansla diqqətləri cəlb edib. Onun transferi üçün hamıdan öncə “Liverpul” hərəkətə keçib. Lakin “Brayton”un 21 yaşlı futbolçu üçün ən azı 85 milyon avro tələb etməsi mersesaydlarını fikrini dəyişdirib. “Çelsi” də həmin məbləği ödəməyə razı olmayıb.
Bundan sonra isə əsl transfer macərası başlayıb. “Arsenal” Saysedoya görə “Brayton”a bir neçə təklif göndərdib Sonuncu məbləğ isə 70 milyon avro olub. Bu təklifin də “ağ-göylər” tərəfindən rədd edilməsi Kaysedonun etirazı ilə nəticələnib. Bundan sonra klub rəhbərliyi ilə futbolçu arasında münasibətlər pisləşib. Ekvadorlu yarımmüdafiəçi transfer pəncərəsinin sonuna qədər əsas komandanın düşərgəsindən uzaqlaşdırılıb. “Brayton”un Moyses üçün “Arsenal”dan son tələbi 102 milyon avrodur. “Topçular”ın hansı qərarı verəcəyi məlum deyil.
Enzo Fernandes
DÇ-2022-də Argentina millisi ilə çempion olan Enzo Fernandes parlaq oyunu ilə bir çox klubun diqqət mərkəzinə düşüb. Onların bir qismi “Benfika”nın yarımmüdafiəçisini yayda zamanı heyətinə qatmağı planlaşdırır. Ancaq “Çelsi” belə düşünmür. “Zadəganlar”ın sahibi – amerikalı iş adamı Todd Beli milyonlar xərcləməkdən qorxmur. Ona görə də bu transferi sonraya saxlamaq fikrində deyil. London təmsilçisinin uğursuz çıxışından bezən Todd yeni oyunçuların alınması üçün bu günə kimi təqribən yarım milyard avro xərcləyib. Görünür ki, məbləğ daha da arta bilər.
Enzonun məsələsinə gəlincə, “Çelsi” onu hələ yanvarın əvvəlindən heyətində görmək istəyir. Həmin vaxt “Liverpul” da argentinalının xidmətində maraqlı idi. Ancaq London klubunun 120 milyon avroluq təklifindən sonradə “qırmızılar” geri çəkilmək qərarına gəldilər. Amma “Benfika” bu təklifi rədd etdi. Mətbuatda yazılanlara inansaq, “zadəganlar” bu gecə Portuqaliya təmsilçisinə sonuncu rəsmi təklifini göndərib – 130,5 milyon avro + bonuslar. “Qartallar”ın “Çelsi”yə cavab vermək üçün bir neçə saat vaxtı qalıb. İngiltərə mətbuatında yazılanlara görə, “Mançester Yunayted” və “Nyukasl” da futbolçu üçün təklif yollamağı planlaşdırır.
Jorjinyo və Hakim Ziyeş
Qış transfer pəncərəsində heyətini gücləndirmək üçün milyonlar xərcləyən “Çelsi” maliyyə qaydalarına əməl etmək üçün bir neçə futbolçudan qurtulmalıdı. Siyahıda xüsusilə 2 ad var – Hakim Ziyeş və Jorjinyo.
Sonuncunun klubla müqaviləsi mövsümün sonunda bitəcək. Onun xidmətində “Arsenal” maraqlıdır. “Topçular” kiçik məbləğ qarşılığından təcrübəli yarımmüdafiəçini heyətinə qatmağa hazırlaşır. “Çelsi” büdcəsinə az məbləğdə də olsa, hansısa vəsaitin daxil olması üçün onu satmağa razıdır. Təbii ki, “Arsenal” bu gecə italiyalı yarımmüdafiəçinin transferini bitirmək istəsə, bu, reallaşacaq.
Ən çətin vəziyyət isə Hakim Ziyeşlə bağlıdır. Mərakeşli vinger Dünya Kubokundakı uğurlu çıxışına baxmayaraq “Çelsi”də əsas heyət üzvü deyil. Buna görə də London klubundan ayrılmaq istəyir. “Mavilər” də onun satmağa hazırdır. Hakimlə “Nyukasl”, “Roma”, “Everton”, PSJ və “Milan” maraqlanır. “Zadəganlar” bu klublardan 30 milyon avro tələb edir. Nə qədər qəribə görünsə də, adı çəkilənlərdən heç biri mərakeşli futbolçuya görə “Çelsi”yə hələ rəsmi təklif göndərməyib. Ancaq Ziyeş ümid edir ki, sabah Londonu tərk etmək imkanına sahib olacaq. (Publika.az)