Aut.az xəbər verir ki, bu barədə dünyanın ali futbol qurumunun rəsmi saytı məlumat yayıb. Serbiya Futbol İttifaqı Beynəlxalq Futbol Federasiyasının himayəsi altında keçiriləcək növbəti rəsmi oyun üçün 50 min İsveçrə frankı (təxminən 50 min avro) məbləğində cərimələnib. Həmçinin onlar millinin növbəti oyununda stadionun qismən bağlanması (tribunaların 25 faizinin qapadılması) ilə cəzalandırılıblar. Buna səbəb Serbiya millisinin DÇ-2022-nin qrup mərhələsində İsveçrə ilə görüş zamanı intizam qaydalarını pozmasıdır. Onlar oyunçuların və rəsmilərin nalayiq davranışlar etməsində ittiham olunublar. Həmin matçda azarkeşlər qeyri-etil şüarlar səsləndiriblər və komanda itaətsiz davranışlar edib.
Meksika Futbol Federasiyası 100.000 İsveçrə frankı məbləğində cərimələnib. Onlar FİFA-nın himayəsi altında bir matçı tamaşaçısız keçirməklə cəzalandırılıblar. Lakin bu qərar sınaq müddəti ilə əvəzlənib. Meksikanın cəzalandırılmasına səbəb DÇ-2022-nin qrup mərhələsində Polşa və Səudiyyə Ərəbistanı ilə matçlarda meksikalı azarkeşlərin qeyri-etik şüarlar səsləndirməsi olub.
Ekvador Futbol Federasiyası 20 min İsveçrə frankı məbləğində cərimələnib. Həmçinin FİFA-nın himayəsi altında keçiriləcək növbəti rəsmi matç üçün onların stadionun qismən bağlanmasına qərar verilib. Buna səbəb isə DÇ-2022-nin qrup mərhələsində Qətərlə oyunda ekvadorlu azarkeşlərin səsləndirdiyi şüarlar olub.