Kriştiano Ronaldonun yeni komandası – “Əl-Nəsr”də yanvarın 5-ə planlaşdırılan rəsmi debütü təxirə salınıb
Aut.az xəbər verir ki, 37 yaşlı futbolçu 2 oyunluq cəza səbəbindən klubun qarşıdakı oyunlarında iştirak edə bilməyəcək. Bu barədə “Daily Mail” məlumat yayıb.
Ronaldo bu səbəndən “Əl-Nəsr”in yanvarın 5-də və 14-də keçiriləcək matçlarında oynamayacaq. Bildirilir ki, İngiltərə Futbol Assosiasiyası noyabrda portuqaliyalı hücumçunu apreldəki insidentə görə iki oyunluq diskvalifikasiya edib. Portuqaliyalı forvard cəzasını çəkməyib. Çünki onun barəsində qərar “Mançester Yunayted”lə müqaviləyə xitam verildikdən bir gün sonra verilib.
FİFA-nın qaydalarına əsasən, əvvəlki liqalarda cəza müddətinin sonuna kimi oynamayan futbolçular yeni çempionatda ilk oyunları buraxmalıdırlar. Bu o deməkdir ki, Ronaldo yanvarın 21-dək “Əl-Nəsr”də oynaya bilməyəcək. Həmin gün “kral klubu” “Əl-İttifaq”la qarşılaşacaq. Ciddi bir hadisə baş verməsə, Krişin yeni komandasındakı rəsmi debütü həmin görüşdə reallaşacaq.
Maraq üçün qeyd edək ki, portuqaliyalı futbolçu ötən mövsüm İngiltərə Premyer Liqasının 32-ci turunda “Everton”a uduzduqları matçdan (0:1) sonra paltardəyişmə otağına gedən zaman çəkiliş edən azarkeşlərdən birinin telefonunu sındırdığı üçün 2 oyunluq cəzalandırılmışdı.