Futbol əfsanəsi Pelenin ölümü məşhurların bu barədə paylaşımlarına səbəb olub.
Aut.az xəbər verir ki, argentinalı dünya çempionu Lionel Messi, Kriştiano Ronaldo və Neymar bu barədə paylaşım ediblər.
Messi “Rahat yat, Pele” cümləsi ilə kifayətlənib.

Həmkarından fərqli olaraq Ronaldo ürəyindəki sözləri yazmaqdan çəkinməyib:
“Bütün Braziliyaya və xüsusilə də cənab Edson Arantiz du Nasimentunun ailəsinə dərin hüznlə başsağlığı verirəm. Əbədi kral Peleyə sadə bir “əlvida” demək bu dəqiqə bütün futbol dünyasını bürüyən ağrını ifadə etmək üçün kifayət etməyəcək. Milyonlarla insan üçün ilham mənbəyi, dünən, bu gün, həmişə. Onun mənə göstərdiyi məhəbbət uzaq məsafədə olsa belə, paylaşdığımız hər an qarşılıqlı idi. O, heç vaxt unudulmayacaq və onun xatirəsi hər birimizdə, futbolsevərlərdə əbədi yaşayacaq. Rahat yat, Kral Pele”.

Pelenin həmyerlisi Neymarın paylaşımı və yazdığı fikir isə daha təsirli olub:
“Peledən əvvəl 10, sadəcə bir rəqəm idi”. Bir dəfə bu sözləri oxumuşdum. Amma bu gözəl cümlə yarımçıqdır. Deyərdim ki, Peleyə qədər futbol, sadəcə idman idi. Pele hər şeyi dəyişdi. O, futbolu sənətə və əyləncəyə çevirdi. O, kasıblara, qaradərililərə səs verdi. Və ən əsası, o, hamıya Braziliyanı göstərdi. Futbolun və Braziliyanın vəziyyəti Kral sayəsində yüksəldi. O getdi, amma sehri qaldı. Pele əbədidir!”

Qeyd edək ki, 82 yaşlı Pele uzun sürən xəstəlikdən sonra ötən gecə dünyasını dəyişib.