“Neftçi”nin veteran futbolçusu Maşallah Əhmədov elm və təhsil naziri Emin Əmrullayevin klubun Müşahidə Şurasında təmsil olunmasını tənqid edib. Deyib ki, təhsil nazirinin orada nə işi var? İnsafən, adam haqlıdır. Necə deyərlər, düzəlmişdi təhsilimizin hər yarağı, qalmışdı “Neftçi”nin saqqal darağı. Təhsilimiz bataqlığın içində, nazirimiz də futbol hayında. Təhsildə heç bir islahat apara bilməyən adam, futbola nə verəcək? Emin Əmrullayev öz müəllimlərini aşağılamaqdan savayı nə ilə yadda qalıb? Adam təhsilin əsas probleminin harada olduğunu da bilmir. Bəlkə də bilir, amma bunu deməyə cürət etmir. Ona görə də yapışıb ən aşağıdan, müəllimlərdən. Guya bunun özünə təhsili gəmi bosmanı verib, müəllim yox.
Bu məsələdə Maşallah Əhmədov yüzdə-yüz haqlı. Amma və lakin… Əhmədov deyib ki, Emin Əmrullayevin yerində İsgəndər Cavadov olmalıdır. Yox, yoldaş Əhmədov, burada xoruzun quyruğu görünür.
Niyə elə hesab edirsiniz ki, futbol təsərrüfatında çəpik çalmaq, “ləbbeyik” demək ancaq Cavadovun səlahiyyətindədir? Adam illərdir AFFA İcraiyyə Komitəsində təmsil olunur. Bircə dəfə futbolumuzun problemlərini dilə gətirib? Yox! İşi-gücü ancaq Rövnəq Abdullayevi tərifləmək, Elxan Məmmədovun qərarlarına çəpik çalmaq və barmaq qaldırmaqdan ibarətdir.
Haqqını da artıqlaması ilə alır. Qondarma federasiyasına xeyli pul verirlər, özü də bütün dünyanı gəzir.
Elə deyil, yoldaş Əhmədov? Elədirsə, İsgəndər Cavadov niyə həm də “Neftçi”nin Müşahidə Şurasında olmalıdır?
Emin Əmrullayevin ondan nəyi əskikdir ki? Çəpik çalmağı, “ləbbeyk” deməyi bacarmır? Adamın, müəllimləri görməyə gözü yoxdur, imkan verin “Neftçi”nin oyunundan zövq alsın, ruhunu təzələsin. Futbolda hər şey İsgəndər Cavadov üçün deyil, yoldaş Əhmədov, ondan elm və təhsil nazirinə də pay çatmalıdır. Ağıllı olun!
Natiq Muxtarlı