“Qarabağ”ın məğlubiyyəti faciə deyil, əksinə, futbolun qanunauyğunluğudur. Avropanın futbol elitasında heç 5-ci statusda da olmayan Azərbaycan çempionu “böyük beşlik” ölkəsinin təmsilçisinə məğlub olub. Burada qeyri-adi nə var axı? Bizdə o inam haradan idi ki, “Qarabağ” “Nant”a hər 2 qarşılaşmada qalib gəlməli idi? Azarkeşdə belə inam ola bilər. Amma müasir futbolda belə yanaşma gülməlidir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Aut.az saytının baş redaktoru Natiq Muxtarlı deyib. Jurnalist xatırladıb ki, “Olimpiakos” da öz yerində “Frayburq”a 0:3 hesabı ilə məğlub olmuşdu, amma səfərdən xalla qayıtdı:
“Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan bütün komandalar futbol oynamağı bacarırlar. Burada heç bir komanda bütün oyunlarda qalib gələ və ya məğlub ola bilməz. “Qarabağ”ın məğlubiyyətini analiz etsək, yalnız bir səbəb göstərə bilərəm: Yaradılan imkanlardan yararlana bilməmək. Heç Şahruddinin də səhvi burada həlledici deyil. Ümumiyyətlə, yaradılan imkanlardan maksimum istifadə edə bilməmək “Qarabağ”ın ən böyük çatışmazlığıdır. Qurban Qurbanovun komandası hər qarşılaşmada kifayət qədər qol imkanları yaradır, amma reallaşma faizi aşağı olur. Bax, bunun üzərində işləmək lazımdır. Futbolda səhvlər həmişə olacaq – bunu qapıçı da, müdafiəçi də, hücumçu da edə bilər. Hətta baş məşqçi də taktiki səhvlə yadda qalar. Amma “Nant”la oyunda “Qarabağ”ın taktiki sistemi düzgün idi. Düzgün idi ki, rəqibdən üstün oldular, xeyli qol imkanları yaratdılar, sadəcə reallaşdıra bilmədilər. Ona görə də, indi Şahruddinin səhvi ön plana çıxır”.