Belçika Qran-prisi baş tutacaq?
Formula-3 yarış seriyasında keçiriləcək Belçika Qran-Prisi güclü yağış səbəbilə ləğv edilib.
Aut.az xəbər verir ki, Bu barədə seriyanın rəsmi saytında məlumat yayılıb.
Bu gün, 27 iyulda Spa-Frankorşam trasında baş tutmalı olan yarış səhərdən bəri davam edən leysan yağışları üzündən keçirilməyib. Sürücülər təhlükəsizlik maşınının arxasında bir isinmə dövrəsi keçsələr də, ardınca yarış idarəsi qırmızı bayraqla prosesi dayandırıb.
İlk cəhd zamanı Ceyms Hedli “O Rouj” döngəsində idarəni itirib, Brando Badoer isə Tim Tramnitzə çırpılıb. Bundan sonra yarışa yenidən başlamaq üçün ikinci cəhd edilsə də, o da uğursuz alınıb və təşkilatçılar yarışın tam ləğv olunduğunu elan ediblər.
Yarışın nəticəsiz qalmasına görə heç bir pilot xala layiq görülməyib.
Qeyd edək ki, daha sonra Spa-Frankorşam trasında Formula-2 üzrə Belçika Qran-Prisi baş tutub. “Rodin Motorsport” komandasının pilotu Aleks Dann qələbə qazanıb. Onun ardınca “Campos Racing”dən Arvid Lindblad və “Invicta Racing”dən Roman Stanek podiuma yüksəliblər.
Xatırladaq ki, bu gün Bakı vaxtı ilə 17:00-da Spa-Frankorşam trasında Formula-1 üzrə Belçika Qran-Prisi də keçiriləcək. Proqnozlara əsasən, hava şəraiti yaxşılaşacaq və yarışa təhlükə gözlənilmir.
