Avropa Liqası

UEFA “Qarabağ”ın rəqibini cəzalandırdı

UEFA Bolqarıstanın ÇSKA  və İrlandiyanın “Derri Siti” komandalarına Avropa Liqasının seçmə mərhələsinin ikinci oyunundan sonra intizam sanksiyaları tətbiq edib.

Aut.az “Irish Times” nəşrinə istinadla xəbər verir ki, CSKA-nın 2-1 hesablı qələbəsi ilə başa çatan matç, tribunadakı iğtişaşlar səbəbindən ikinci hissənin 14-cü dəqiqəsində dayandırılmışdı.

CSKA 55.000 avro cərimə olunub və azarkeşləri olmadan səfərdə bir oyunu keçirəcək. Cəza meydana əşyalar atmaq, stadion əmlakına zərər vurmaq və irqçi və ayrı-seçkilik xarakterli davranışla bağlıdır. Bundan əlavə, Bolqarıstan klubu komanda üzvlərindən birinin davranış qaydalarını pozduğuna görə əlavə 5000 avro cərimə alıb. UEFA həmçinin CSKA-ya dəymiş ziyanın ödənilməsi məsələsini 30 gün ərzində həll etməyi tapşırıb.

“Derri Siti” də cəzalandırılıb. İrlandiya klubu azarkeşlərin meydana qaçmasına, tribunada iğtişaşlara səbəb olmasına və əşyalar atmasına görə 20.000 avro cərimə olunub.

ÇSKA Avropa Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”la qarşılaşcaq. Oyun iyulun 23-də Bakıda keçiriləcək.

Aut.az