“Arsenal” ulduz futbolçu üçün PSJ ilə yarışacaq
“Atletiko”nun hücumçusu Yulian Alvares PSJ ilə yanaşı “Arsenal”ın da maraq dairəsinə düşüb.
Aut.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Hər iki klub argentinalı forvardı yay transfer pəncərəsində heyətinə qatmaq imkanını nəzərdən keçirir.
Paris təmsilçisi 26 yaşlı futbolçunun transferi üçün 150 milyon avrodan çox ödəməyə hazırdır. PSJ bu keçidi reallaşdırmaq üçün portuqaliyalı hücumçu Qonsalo Ramosla yollarını ayırmağı və əldə olunacaq vəsaiti Alvaresin transferinə yönəltməyi planlaşdırır. Klubun yaxın vaxtlarda ilkin təklifini təqdim edəcəyi bildirilir.
“Arsenal” isə PSJ-nin marağını öyrəndikdən sonra mübarizəyə qoşulmağa qərar verib. London klubu Alvaresi hücum xəttini gücləndirmək üçün əsas namizəd hesab edir və transferin reallaşması üçün işə başlamağa hazırdır.
Bununla yanaşı, “Atletiko” futbolçunu satmaq niyyətində deyil.
Alvaresin Madrid klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” onun bazar dəyərini 90 milyon avro qiymətləndirir. O, cari mövsüm İspaniya çempionatında keçirdiyi 29 oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.
