Dünya futbolu

FIFA bu ölkənin milli komandasını belə “yaratdı”

Əfqanıstandan olan qadın qaçqınlardan ibarət futbol komandası beynəlxalq yarışlarda iştirak etmək hüququ qazanıb.

Aut.az xəbər verir ki, bu barədə AP məlumat yayıb.

FIFA Şurası aprelin 28-də Vankuverdə keçirilən iclasda qaydalarda dəyişiklik edərək Əfqan Qadınlar Birliyi adı altında çıxış edən komandanın rəsmi şəkildə tanınmasına razılıq verib.

Komanda artıq 2027-ci ildə Braziliyada keçiriləcək qadınlar üzrə dünya çempionatının seçmə mərhələsində iştirak edə bilməsə də, 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarının seçmə mərhələsində oynamaq imkanı əldə edəcək.

Canni İnfantino bildirib ki, FIFA bu təşəbbüslə qürur duyur və məqsəd təkcə bu komanda deyil, beynəlxalq yarışlara milli komanda çıxara bilməyən digər assosiasiyalara da imkan yaratmaqdır.

Komandanın tanınması istiqamətində ilk addım 2025-ci ilin oktyabrında atılıb. Həmin vaxt Əfqanıstanlı qadın qaçqınlar Mərakeşdə Çad, Liviya və Tunis komandalarının iştirakı ilə turnirdə oynayıblar.

Bu proses illərdir davam edən təşəbbüslərin nəticəsidir. Əvvəlki kapitan, fəal Xalida Popal və müxtəlif hüquq müdafiə təşkilatları bu istiqamətdə lobbiçilik aparıblar.

Popal bildirib ki, uzun müddət onlara Əfqanıstan qadın millisinin heç vaxt yenidən yarışa qayıda bilməyəcəyi deyilirdi. O, FIFA qərarını “çox böyük qürur mənbəyi” adlandırıb və bunun Əfqan qadınlarının gələcəyi üçün mühüm dönüş olduğunu vurğulayıb.

Hazırda 80-dən çox əfqan qadın qaçqın Avstraliya, ABŞ və Avropada yaşayır. Komanda İngiltərə və Avstraliyada iki təlim toplanışı keçirib. Baş məşqçi Polin Hemill rəhbərliyində komandanın iyun beynəlxalq fasiləsində iki yoldaşlıq oyunu keçirməsi gözlənilir.

Qeyd edək ki, Əfqanıstan qadın millisi son rəsmi oyununu 2018-ci ildə keçirib. 2021-ci ildə ölkədə hakimiyyət dəyişikliyindən sonra qadın komandaları ləğv edilib və futbolçular təqiblərdən qorxaraq ölkəni tərk ediblər.