Avropa çempionu saxlanıldı: Həyat yoldaşını öldürüb
Bodibildinq və fitnes üzrə hazırkı Avropa çempionu, litvalı qadın Yustina Qayqalayte keçmiş həyat yoldaşı – feldşer Mantas Sadauskasın qətlində şübhəli bilinərək saxlanılıb.
Aut.az xəbər verir ki, bu barədə “Delfi” portalı məlumat yayıb.
31 yaşlı kişinin meyiti çərşənbə axşamı aşkar edilib. Cinayət işi çərçivəsində daha iki şübhəli də saxlanılıb. İstintaq qətl, insanın qanunsuz saxlanılması və qanunsuz silah dövriyyəsi maddələri üzrə araşdırma aparır.
Sadauskas bazar ertəsi itkin düşmüşdü. O, səhər qohumuna Palükay kəndinə uşaq müəssisəsinə batut aparmaq üçün getdiyini bildirib. Lakin sonradan onunla əlaqə kəsilib və evə qayıtmayıb. Bundan sonra yaxınları polisə müraciət ediblər.
Versiyalardan birinə görə, o, aldadılaraq həmin yerə çağırılıb. Məlum olub ki, göstərilən kənddə batut sifarişi ümumiyyətlə olmayıb. Meyit Mileşkunay kəndində yerləşən bir həyət ərazisində tapılıb: o, batuta bükülərək torpağa basdırılıb.
Hadisə zamanı keçmiş həyat yoldaşları arasında boşanma prosesi davam edirdi. Onların iki əkiz övladı – bir oğlan və bir qız var. Hələ qüvvəyə minməmiş məhkəmə qərarına əsasən, uşaqlar atanın himayəsində qalmalı idi. İdmançının sözlərinə görə, onlar 2023-cü ildən birlikdə yaşamırdılar.
Bundan əlavə, portalın məlumatına görə, təxminən 2 il əvvəl Sadauskasın avtomobilləri yandırılmışdı və o zaman da şübhələr Qayqalaytenin üzərinə yönəlmişdi. Lakin sübutların kifayət etməməsi səbəbindən istintaq dayandırılmışdı. Hazırda həmin işin yenidən açılması planlaşdırılır.
