Gərginlik artır: “Neftçi” rəhbərliyi AFFA ilə “razborka”ya gedir
Azərbaycan Premyer Liqasının “Zirə” ilə qalmaqallı oyunundan sonra (1:1) “Neftçi” hərəkətə keçib.
Aut.az-ın məlumatına görə, “ağ-qaralar” son dəqiqələrdə qapılarına vurulan mübahisəli qoldan narazı qalıb. Klub rəhbərliyi mövsüm ərzində hakimlər tərəfindən edilən səhvlərdən bezib və bunun artıq qərəzli olduğunu düşünür.
Vəziyyəti dəyişmək üçün “Neftçi” tərəfi AFFA rəhbərliyi ilə görüşmək istəyir. Yeni iş həftəsində federasiyanın inzibati binasında tərəflər arasında görüş olacaq.
Görüşdə “Neftçi”dən təkcə klubun yüksək vəzifəli şəxsləri deyil, Müşahidə Şurasının bir neçə üzvü də iştirak edəcək. Onlar federasiyadan hakim səhvləri ilə bağlı hesabat və vəziyyətin dəyişməsini tələb edəcəklər.
Qeyd edək ki, “Neftçi”nin Müşahidə Şurasının sədri Hafiz Zeynalov (SOCAR-ın Aparat Rəhbəri) və üzvü Emin Əmrullayev (Elm və Təhsil naziri) sosial şəbəkələrdə klubun loqosunu şərhsiz şəkildə paylaşaraq “Zirə” ilə oyunda yaşananlara etiraz ediblər.
