Cüdo

Cüdo texnikaları imtahanı keçiriləcək

13–14 aprel tarixlərində Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə cüdo texnikaları imtahanı keçiriləcək.

Aut.az xəbər verir ki, imtahanda U-14 Liqa yarışının II turu və U-17 Liqa yarışının I turu üçün qeydiyyatdan keçmiş yeniyetmə cüdoçular iştirak edə biləcəklər.

Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq prosesdə iştirak könüllüdür. Bununla yanaşı, imtahan nəticələrinin ümumi bala təsir etməsi üçün idmançıların yarışda və ya rəsmi çəki prosesində iştirak etməsi vacibdir. Çəki limitini 5 faizdən artıq aşan idmançıların imtahan nəticələri nəzərə alınmayacaq.

Qiymətləndirmə sisteminə əsasən, yarışda qazanılan xalların 70 faizi, imtahanda əldə olunan nəticələrin isə 30 faizi yekun bala əlavə ediləcək. Bu yanaşma yeniyetmə cüdoçuların həm texniki hazırlığının, həm də yarış performansının paralel şəkildə inkişafına xidmət edir.