Azərbaycan futbolu

Vaqif Cavadov yığmada!

20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin məşqçilər heyətində yeni təyinat həyata keçirilib.

Aut.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Qərara əsasən, Vaqif Cavadov U-20-nin köməkçi məşqçisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, futbolçu karyerası ərzində ölkəmizdə “Qarabağ”, “Bakı”, “Keşlə” (hazırkı “Şamaxı”), “Xəzər Lənkəran”, “Qəbələ”, “Sumqayıt”, AZAL kimi klublarda çıxış etmiş Vaqif Cavadov Niderlandda “Tvente”, Rusiyada “Volqa”, Türkiyədə “Qaziantep BB” və “Boluspor”un heyətində legioner həyatı yaşayıb. O, 2006-2014-cü illər ərzində Azərbaycan millisinin heyətində 58 oyun keçirib, 9 qol vurub.

2020-ci ildə məşqçiliyə başlayan Vaqif Cavadov “Sumqayıt”da və qısa müddət Qazaxıstanın “Turan” klubunda fəaliyyət göstərib. Məşqçiliyə “Sumqayıt”ın U-19 komandasında köməkçi kimi başlayan mütəxəssis daha sonra “Sumqayıt-2”də baş məşqçi kimi çalışıb. O, 2024/2025-ci illər mövsümünün ikinci yarısında “Sumqayıt”ın əsas komandasının baş məşqçisi olub.

Xatırladaq ki, Azərbaycanın U-20 millisinin baş məşqçisi bir müddət öncə bu vəzifəyə təyinat almış Rui Jorjedir.