İtaliya

İtaliyalı məşqçi onların rekordunu təkrarladı

İtaliyalı məşqçi Marko Campaolo A Seriyasında rekordlardan birinə şərik çıxıb.

Aut.az xəbər verir ki, bu barədə “Opta” məlumat yayıb.

Campaolo son olaraq Davide Nikolanı əvəz edərək “Kremoneze”nin baş məşqçisi təyin olunub. Bununla da, 58 yaşlı mütəxəssis A Seriyasında çalışdığı klubların sayını 11-ə çatdırıb.

O, bu göstərici ilə Karlo Mazzone və Alberto Malezaninin rekordunu təkrarlayıb. Hər iki mütəxəssis də İtaliya futbolunun elit divizionunda 11 müxtəlif komanda ilə işləyib.

“Kremoneze”dən əlavə, Campaolo A Seriyasında “Kalyari”, “Siena”, “Kataniya”, “Çezena”, “Askoli”, “Empoli”, “Milan”, “Torino”, “Sampdoriya” və “Leççe” kimi klublara rəhbərlik edib. Qeyd edək ki, o, daha əvvəl 2014–2015-ci illərdə də “Kremoneze”də çalışıb, lakin həmin vaxt komanda B Seriyasında çıxış edirdi.

Hazırda Kremona təmsilçisi A Seriyasının turnir cədvəlində 18-ci pillədə qərarlaşıb və xilas zonasında olan 17-ci yerdən 3 xal geri qalır.