İran müharibəsi Formula 1-i vurdu: Görün neçə milyon zərər edəcək?
Formula 1 Yaxın Şərqdə yarışların ləğvi səbəbindən təxminən 200 milyon dollar itirə bilər.
Aut.az xəbər verir ki, bu barədə “SportsPro” məlumat yayıb.
Bəhreyn və Səudiyyə Ərəbistanı Qran Prilərinin aprel ayında keçirilməsi planlaşdırılırdı, lakin ABŞ və İsrailin İranla müharibəsi təqvimi alt-üst edib.
Bu raundlar baş tutmayacaq. Qərar Beynəlxalq Avtomobil Federasiyası (FIA) və komandalarla məsləhətləşmələrdən sonra qəbul edilib. Bu, həmçinin Formula 2, Formula 3 və Formula 1 Akademiyası mövsümlərinin planlaşdırılan raundlarına da təsir göstərir.
“Guggenheim Partners” şirkətinin məlumatına görə, iki mərhələnin ləğvi çempionata təxminən 200 milyon dollara başa gələcək. Mərhələnin ev sahibliyi haqqının Səudiyyə Ərəbistanında 55 milyon, Bəhreyndə isə 52 milyon dollar olacağı gözlənilirdi.
Ümumi məbləğə həmçinin yayımlardan itkilər və sponsorlar qarşısında yerinə yetirilməmiş öhdəliklər də daxildir.
Aut.az
