Dünya futbolu

Fransada irqçilik: Özünü və anasını təhqir etdilər

“Tuluza”nın seneqallı futbolçusu Pape Demba Diop, komandasının Fransa Kubokunun dörddəbir finalında “Marsel”ə penaltilər seriyasında qalib gəldiyi oyundan sonra irqçi təhqirə məruz qalıb.

Aut.az xəbər verir ki, bu barədə “La Depeche” qəzeti məlumat yayıb.

“Marsel” azarkeşlərindən biri son penaltini dəqiq yerinə yetirən (4:3) 22 yaşlı futbolçunu təhqir etmək qərarına gəlib. Azarkeş sosial mediada ona və anasına təhqiramiz mesaj göndərib. Qəzəblənmiş azarkeş həmçinin Dembaya ölüm arzulayıb və meymun emojisi əlavə edib.

“İyrənc zənci. Sənin anan fahişədir. Ümid edirəm ki, sən bu gün yuxduda olanda öləcəksən”, – azarkeş yazıb.

“Tuluza” oyunçusunu müdafiə edərək zərərçəkmiş Dembaya dəstəyini ifadə edib. Fransa klubu idmanda və ya cəmiyyətdə yeri olmayan bütün irqçilik və ayrı-seçkilik formalarını qətiyyətlə pislədiyini bildirib.

Qeyd etmək lazımdır ki, Demba cari 2025/26 mövsümünün sonuna qədər Liqa 1 klubunda icarə əsasında oynayır. Onun müqaviləsi Fransanın “Strasburq” klubu ilədir. Seneqallı futbolçu artıq “Tuluza”da 10 oyunda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Aut.az