Digər

Ata qarşı qəddar rəftar: Olimpiya çempionu yenə də qalmaqalın mərkəzində

Britaniyalı üçqat Olimpiya çempionu Şarlotta Dyucardin heyvanlara qarşı rəftarına görə yeni bir tənqid dalğasının mərkəzində olub.

Aut.az xəbər verir ki, hadisə ata qarşı zorakı davranışı ilə bağlı qalmaqalla əlaqəli bir illik qadağadan az müddət sonra baş verib.

Bu barədə “Dailymail.co.uk” yazıb.

Heyvan hüquqları qrupu “Collectif Pour Les Chevaux” tərəfindən internetdə yerləşdirilən təxminən səkkiz dəqiqəlik videoçarxda iddia edilir ki, Dyucardinin Amsterdamda isinmə hərəkətləri zamanı çox qısa cilovlar tutması və tez-tez qamçısından istifadə etməsi atın ağız hərəkətləri və quyruğunun qıvrılması ilə “münaqişə davranışı” göstərməsinə səbəb olur.

Video çəkilişini təşkil edən baytar bildirib ki, gördüklərindən sonra tədbir komissarı ilə əlaqə saxlayıb, lakin bundan sonra da çaparın davranışında heç bir dəyişiklik hiss etməyib.

Britaniya Atçılıq Federasiyası (BEF) qısa videoçarxa əsasən vəziyyətin tam qiymətləndirilməsinin çətin olduğunu bildirib, lakin “atların müdafiəsi ilə bağlı heç vaxt güzəştə getməyəcəyinə” əminlik ifadə edib.

Xatırladaq ki, Şarlottanın əksər mükafatlarını qazandığı Valeqro atı ötən ilin dekabr ayının əvvəlində evtanaziya edilmişdi.

Şarlotta 2012-ci il Olimpiadasında iki və Rio Oyunlarında bir qızıl medal qazanıb.

Aut.az