Dördqat dünya çempionundan anons: Karyerasını başa vurmağa hazırlaşır
Formula 1 üzrə dördqat dünya çempionu Maks Ferstappen karyerasını başa vurmaq barədə artıq düşündüyünü bildirib.
Aut.az xəbər verir ki, o, bu barədə “Motorsport Week”ə açıqlama verib.
Niderlandlı pilot yarışlara bütün həyatını həsr etməyi planlaşdırmadığını deyib. O, yaxınları ilə daha çox vaxt keçirmək istəyir:
“Mütləq ki, indi karyeramın sonuna daha yaxınam, bu dəqiqdir. Mövcud reqlament, belə demək mümkünsə, mənim Formula-1-də uzunmüddətli karyerama kömək etmir. Amma bunun fərqi yoxdur. Mən artıq karyeramdan çox razıyam və hər şeyi sakit şəkildə geridə qoya bilərəm. Başqa layihələrim də var.
Ümumiyyətlə, 60 və ya 70 yaşında kimə maraqlıdır ki, sən dörd titul qazanmısan, yoxsa on? Mən bu vaxtı ailəmlə keçirməyi üstün tutaram. Həyat birdir və onun 25 ilini yalnız yarışlara həsr etmək istəmirəm”.
Qeyd edək ki, Ferstappen Formula-1-də debütünü 2015-ci ildə edib. Qarşıdakı mövsüm onun “kral yarışları”nda 12-ci mövsümü olacaq.
O, dörd dəfə çempion olub, daha üç dəfə isə mövsümü “ilk üçlük”də başa vurub. Yeni mövsüm artıq martın əvvəlində start götürəcək və ilk Qran-pri Melburn şəhərində keçiriləcək.
Aut.az
