Dünya futbolu

Bu ölkənin 28 klubu UEFA-ya müraciət etdi: Rusiyaya pul verməyi dayandırın

28 Estoniya klubu UEFA-nın baş katibi Teodor Teodoridisə məktub göndərərək Rusiya klublarına həmrəylik ödənişlərini dayandırmasını və onları ittifaqın strukturundan çıxarmasını istəyib.

Aut.az xəbər verir ki, bu barədə “Delfi” məlumat yayıb. Bildirilir ki, bu 28 klubdan 6-sı Estoniyanın yüksək liqasında çıxış edir.

“Tartu Velko” klubunun İdarə Heyətinin sədri Mart Raamat təşəbbüsü izah edib:

“Mövzu aktual və vacibdir, çünki dünən FİFA prezidenti Canni İnfantino Rusiyanın beynəlxalq futbola qayıtmasına icazə verilməsi ilə bağlı mövqeyini bildirdi – görünür, UEFA İcraiyyə Komitəsi bu məsələni fevralın sonunda keçiriləcək iclasında müzakirə edəcək.

Müraciəti imzalayan klublar Rusiyaya edilən ödənişlərin Avropa futbol ictimaiyyətinin etik prinsiplərinə uyğun olmadığını aydın şəkildə başa düşürlər”.

Raamat bildirib ki, Estoniya Futbol Assosiasiyasının prezidenti və Estoniyanın UEFA İcraiyyə Komitəsindəki nümayəndəsi Aivar Pohlak da Rusiyaya ödənişlərin dayandırılması və Rusiya futbolunun Avropa futbol ailəsinə qayıtmasının qarşısının alınması üçün mübarizə aparacaq.

2025-ci ilin avqust ayında UEFA-nın 2022-ci ildən başlayaraq Rusiya Futbol İttifaqına (RFU) 10,8 milyon avro həmrəylik ödənişi etdiyi bildirildi. 2025-ci ilin dekabr ayında RFU-nun Avropa yarışlarında iştirak etməyən klublar üçün həmrəylik ödənişlərinin bir hissəsi olaraq UEFA-dan əlavə 3,83 milyon avro alacağı açıqlandı.

Aut.az