Dünya çempionu “Real”a keçmək istəyir
Argentina millisinin və “Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes “Real”a keçməyə hazırdır.
Aut.az xəbər verir ki, bu barədə insayder Eduardo İnda məlumat yayıb.
Mənbənin məlumatına görə, Fernandes Madrid klubuna qoşulmaq istəyini bildirib. Argentina futbolçusu üçün “kral klubu”nun formasında çıxış etmək böyük arzudur və yarımmüdafiəçi bunu İspaniyanın nəhəng klubuna açıq şəkildə bildirib.
25 yaşlı dünya çempionuna qarşı “Real”ın maraq göstərdiyi bildirilir.
Cari mövsümdə Fernandes bütün turnirləri nəzərə alaraq 35 oyuna çıxıb, 11 qol vurub və 4 məhsuldar ötürmə edib. “Transfermarkt” portalının mütəxəssisləri yarımmüdafiəçinin dəyərini 85 milyon avro qiymətləndirir.
