Boks

Dünya çempionu həbs olundu

61,23 kq çəki dərəcəsində Dünya Boks Assosiasiyasının (WBA) dünya çempionu olan amerikalı Cervonta Devis məişət zorakılığı ittihamı ilə bağlı həbs qərarı verildikdən iki həftə sonra Mayamidə saxlanılıb.

Aut.az xəbər verir ki, bu barədə TMZ portalı məlumat yayıb.

Mənbənin məlumatına görə, boksçu Mayami-Qardens polis idarəsinə aparılıb. Daha əvvəl TMZ yazmışdı ki, yanvarın 14-də ABŞ-ın 305-ci dairəsinin hüquq-mühafizə orqanları Devisi üç maddə üzrə axtarışa verib: döymə, qanunsuz azadlıqdan məhrumetmə və adam oğurluğuna cəhd. Buna səbəb son bir neçə ay ərzində boksçu ilə yaxın münasibətdə olduğunu iddia edən qadının müraciəti olub.

Qadının sözlərinə görə, oktyabr ayında Devis onun iş yerinə gələrək boğazından tutub və zorla parkinqə aparıb, daha sonra isə buraxıb. O bildirib ki, həmkarlarının yanına qaçaraq xilas ola bilib. Nəşrin məlumatına əsasən, istintaq zərərçəkənin ifadəsinin əsas məqamlarını təsdiqləyən videoyazılar əldə edib.

Həmçinin 2025-ci ilin payızında həmin qadın Devisə qarşı döyülmə ilə bağlı maddi təzminat tələbi ilə mülki iddia qaldırıb. Bu ittihamlar səbəbindən Devislə Ceyk Pol arasında planlaşdırılan döyüş ləğv edilib.

31 yaşlı Cervonta Devis 2019-cu ildə kubalı Yuriorkis Qamboanı məğlub edərək qazandığı WBA dünya çempionu titulunu beş dəfə qoruyub. O, həmçinin üç çəki dərəcəsində dünya çempionu olub. Boksçunun aktivində 30 qələbə (28-i nokautla), məğlubiyyət yoxdur və bir heç-heçə var.