Afrika futbolunda inqilabi qərarlar: Yeni turnir yaradıldı
Afrika Millətlər Kuboku 2028-ci ildən etibarən dörd ildən bir keçiriləcək.
Aut.az xəbər verir ki, Bu barədə Afrika Futbol Konfederasiyasının (CAF) prezidenti Patrik Motsepe açıqlama verib.
Turnir 1968-ci ildən bu yana iki ildən bir təşkil olunurdu, lakin yeni format 2027-ci ildə Keniya, Tanzaniya və Uqandada keçiriləcək yarışdan sonra qüvvəyə minəcək.
Motsepe bildirib ki, qərar beynəlxalq futbol təqvimi ilə daha yaxşı uyğunlaşmaq və FIFA prezidenti Canni İnfantino ilə koordinasiya əsasında qəbul olunub.
“Biz Afrika futbolu üçün çox həyəcanverici yeni bir struktur qururuq. Qlobal təqvim daha ciddi şəkildə sinxronlaşdırılmalı və uzlaşdırılmalıdır”, – deyə Motsepe qeyd edib.
Eyni zamanda CAF Afrika Millətlər Kubokunun mükafat fondunu da artırıb. Artıq turnirin qalibi 7 milyon dollar əvəzinə 10 milyon dollar qazanacaq.
Bundan əlavə, 2029-cu ildən etibarən Afrika Millətlər Liqası yaradılacaq. Yeni turnir hər il sentyabr-noyabr ayları arasında keçiriləcək. “Biz hər il dünya səviyyəli bir turnirə sahib olacağıq”, – deyə CAF prezidenti əlavə edib.
