Dünya futbolu

ABŞ FİFA-da korrupsiya işi ilə bağlı ittihamı ləğv etdi

Federal prokurorlar Nyu-Yorkda “Fox” kanalının keçmiş yüksək vəzifəli əməkdaşı Ernán Lopes barədə aparılan istintaqı dayandırıblar.

Aut.az xəbər verir ki, bu barədə “NY Times” məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, ittihamlar həm Lopesin özündən, həm də Argentina mənşəli marketinq şirkəti “Full Play Group”dan tam şəkildə götürüləcək.

2023-cü ilin martında Lopes dələduzluq, çirkli pulların yuyulması və rüşvət vermək maddələri üzrə təqsirli bilinmişdi. İstintaq və məhkəmə müəyyən etmişdi ki, o, Libertadores kuboku və Cənubi Amerika kubokunun yayım hüquqlarını əldə etmək üçün milli futbol assosiasiyalarının rəhbərlərini ələ almağa yönəlmiş sxemdə iştirak edib. Lopeslə bağlı iş o dövrdə ABŞ Ədliyyə Nazirliyinin FİFA-dakı sistemli korrupsiyanı üzə çıxaran genişmiqyaslı araşdırmasının bir hissəsinə çevrilmişdi.