Azərbaycan futboluGündəm

Samir Abasov “Neftçi”dən bu qədər təzminat alıb?

Ötən gün “Neftçi”nin baş məşqçi postundan qovulan Samir Abasovun aldığı təzminat məlum olub.

Aut.az xəbər verir ki, Publika.az-ın əldə etdiyi məlumata görə, paytaxt klubu 47 yaşlı mütəxəssisin öz xoşu ilə istefa verməsini istəsə də, buna nail olmayıb. Abasov klubdan müddəti cari mövsümün sonu – 2026-cı ilin iyunun 30-adək olan müqaviləsində nəzərdə tutulan bütün məbləği istəyib. “Ağ-qaralar” onun bu istəyini təmin edib.

“Neftçi”də aylıq 25 min manat maaş alan Samir Abasov çalışdığı noyabr ayının maaşını çıxmaq şərtli ilə iyuna qədər – qalan 7 aya görə 175 min manat təzminat alacaq. Noyabrın maaşı ilə azərbaycanlı mütəxəssisin klubdan alacağı məbləğ 200 min manatdır.

Qeyd edək ki, Samir Abasov 2024-cü ilin oktyabrın 14-də “Neftçi”yə qayıtmış və 2 illik müqaviləyə imza atmışdı. O, daha əvvəl 2020-ci ilin noyabrından 2022-ci ilin yayınadək paytaxt komandasını çalışdırıb. 2020/21 mövsümün “ağ-qaralar”la Azərbaycan çempionu olub.