İtaliya

Qattuzo açıqladı: Ulduz futbolçu İtaliya millisinə qoşulmaqdan imtina edib

“Liverpul”un vingeri Federiko Kyeza İtaliya millisinin noyabrda keçiriləcək 2026-cı il dünya çempionatının seçmə oyunlarında iştirakdan imtina edib.

Aut.az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Cennaro Qattuzo məlumat verib.

“Mən onunla tez-tez danışıram. Hər birimizin qərarına və probleminə hörmətlə yanaşmaq lazımdır. Biz bir-birimizi yaxşı başa düşürük və mən oyunçunun mənə dediklərinə hörmət etməliyəm. Bununla bağlı daha artıq heç nə deyə bilmərəm”, – deyə Qattuzo bildirib.

Jurnalistlər qərarın Kyezadan yoxsa baş məşqçidən gəldiyini soruşduqda, Qattuzo futbolçunun dəvətdən imtina etməsinin yeni hal olmadığını qeyd edib: “Bəli, bunu artıq dördüncü və ya beşinci dəfə izah edirəm”.

Kyeza İtaliya millisində son dəfə Avro-2024-də oynayıb. “Liverpul”da start heyətinin daimi üzvü olmasa da, azarkeşlər onu sentyabr ayının ən yaxşı futbolçusu seçiblər.