FİA reqlament dəyişikliklərini açıqladı
“Formula”1-in 2026 mövsümü üçün texniki reqlamentinə rəqabət şəraitində bərabərliyi təmin etməyə yönəlmiş mühüm bir proqram əlavə edilib.
Aut.az xəbər verir ki, bu barədə “RacingNews365” məlumat yayıb.
Yeni qaydaların mürəkkəbliyini nəzərə alaraq, güc qurğularının göstəriciləri arasında fərqlərin böyük olacağı gözlənilir. Buna görə də FİA Avtomobil İdmanı üzrə Ümumdünya Şurasının iclasında əlavə inkişaf və modernləşmə imkanları konsepsiyası (ADUO) adlı təşəbbüsü elan edib.
ADUO proqramının məqsədi, rəqiblərindən xeyli geri qalan mühərrik istehsalçılarına daha geniş inkişaf imkanları təqdim etməkdir. Bu proqram barədə avqust ayında FİA-nın təkoturacaqlı yarışlar üzrə direktoru Nikolas Tombazis məlumat vermişdi.
2026-cı il mövsümündə 24 yarış nəzərdə tutulduğundan, hər mövsümün dörddəbirindən sonra (6-cı, 12-ci və 18-ci yarışlardan sonra) ADUO çərçivəsində əlavə inkişaf işlərinə icazə veriləcək. Buraya xərclər limitinin azaldılması və mühərrik sınaq laboratoriyalarında əlavə işləmə saatları da daxil ola bilər.
Bundan başqa, etibarlılıqla bağlı ciddi problemlərlə üzləşən istehsalçılar üçün də müəyyən maliyyə güzəştləri tətbiq ediləcək. Bu, sərt xərclər limitinin onların fəaliyyətinə mənfi təsir göstərməsinin qarşısını almağa yönəlib.
Qeyd edək ki, növbəti mövsümdə Formula-1 mühərrik sistemləri 2014-cü ildə turbo-hibrid erası başlayandan bəri ən böyük dəyişikliklərə məruz qalacaq. Elektrik gücü 120 kVt-dan 350 kVt-a qədər artırılacaq, MGU-Hsistemi ləğv ediləcək və ekoloji təmiz yanacaq tətbiq olunacaq.
2026-cı ildən “Audi” ilk dəfə rəsmi zavod layihəsi kimi Formula-1-ə qatılacaq, “Red Bull” isə tarixində ilk dəfə zavod komandasına çevriləcək. “Honda”, “Mercedes” və “Ferrari” ilə yanaşı tam hüquqlu zavod istehsalçısı statusunda çıxış edəcək.
Aut.az
